Dünya Ankaranı yaxından izləyir
Ərdoğanla Əs-Sisinin görüşü bölgənin siyasətini dəyişəcək
Türkiyə-Misir münasibətlərinin normallaşmasında ən çox Azərbaycan maraqlıdır
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Türkiyəyə səfər edib. Əs-Sisi hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanıb. Ərdoğan Ankarada Prezident İqamətgahında misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüş keçirib. Əs-Sisi Ankaraya səfərini Türkiyə ilə ölkəsi arasında yeni dostluq səhifəsinin açılması kimi qiymətləndirib: "Bugünkü səfərim və bundan əvvəl Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Qahirəyə səfəri iki ölkə arasında yeni dostluq və əməkdaşlığın başlanması üçün iradənin təzahürüdür". İki liderin görüşündə Qəzzadakı münaqişə və sülh səyləri müzakirə olunub. Həmçinin Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçiriləcəyi bildirilib. Eyni zamanda bir sıra sazişlər imzalanıb. Misir liderinin 12 il sonra Türkiyəyə gəlməsi bir sıra aspektlərdən diqqət çəkir. Əslində, son illərdə iki ölkə arasında müəyyən yumşalmalar hiss edilirdi. Məsələn, 2019-cu ilin noyabrında Türkiyə dənizdəki yurisdiksiya barədə Liviya ilə müqavilə imzaladı və bu barədə BMT-yə məlumat verildi. 2020-ci ilin avqust ayında isə bununla bağlı Yunanıstan və Misir arasında razılaşma əldə olundu. Bu müqavilədə Misir Türkiyənin bəzi bölgələrlə bağlı arqumentlərini anlayışla qarşıladı. Misirin jestinə Türkiyə tərəfi keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu vasitəsilə məmnunluğunu bildirərək cavab verdi. 2020-ci ildə qarşılıqlı yumşalma siqnalları veriləndə iki ölkənin kəşfiyyat qurumları arasında əlaqə olduğu açıqlandı. Ankara və Qahirə qarşılıqlı jestlər edərək beynəlxalq təşkilatlarda bir-birini bloklamağa son qoymağa başladılar. Ən konkret addımlardan biri bu oldu ki, 2020-ci ildə Türkiyə Misirin NATO iclaslarında iştirakına vetosunu götürdü. Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohada keçirilən futbol üzrə Dünya Çempionatının açılışında Misir Prezidenti Sisinin əlini sıxdı.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Türkiyə-Misir münasibətlərinin normallaşması isə şübhəsiz, Prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 14-də bu ölkəyə səfəri ilə gerçəkləşdi. Siyasi təhlilçinin sözlərinə görə, bütün bunları göz önündə tutsaq, Türkiyə prezidentinin Misirə, Misir prezidentinin də Türkiyəyə səfəri münasibətlərin normallaşması mənasına gəlir:
"Sisinin səfəri çərçivəsində prezidentlər arasında daha öncə Qahirədə imzalanan Birgə Bəyannaməyə uyğun olaraq yenidən strukturlaşdırılmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək. İddialara görə, Sisi səfər çərçivəsində Türkiyə İHA-larının Qahirəyə satışı təklifini öncə sürəcək. Bu detal çox mühümdür. İki ölkə başçısı arasında İsrailə təzyiqlər etmək və Qərbin də dəstəklədiyi iki dövlət modelini tətbiq etmək kimi məsələlərinin müzakirə edilməsi istisna deyil. Çünki Qəzzadakı vəziyyət və ümumilikdə müharibə hər iki ölkəni narahat edir. Bu baxımdan tərəflər sülh istiqamətində ortaq addımlar atıb, müəyyən məsələlərdə razılığa gələ bilər".
Ekspert vurğulayıb ki, Türkiyə-Misir münasibətlərinin normallaşmasında ən çox Azərbaycan maraqlıdır: "Rəsmi Bakı iki ölkə ilə də yaxşı əlaqələrə malikdir. Hətta Bakının Qahirə və Ankara arasında pərdəarxası vasitəçilik etməsi belə istisna deyil. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi 2023-cü il yanvarın 28-də Azərbaycana gəldi. Səfər zamanı müzakirə mövzularından biri də Türkiyə-Misir münasibətlərinin normallaşması olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz növbəsində bu il iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfər etdi. Bakı Qahirə-Ankara münasibətlərinin normallaşmasında vasitəçilik edərək Türkiyənin həm də Yaxın Şərqdə mövqelərinin güclənməsini istəyir. Yaxın Şərqdə Türkiyənin mövqelərinin güclənməsi Qərbin bu regionla bağlı neqativ planlarını pozur. Bu həm də Qərbin Cənubi Qafqaz siyasətinə təsir edir".