Parlamentari: İtaliya Azərbaycanın vacib tərəfdaşıdır

Yeni bir mərhələnin əsası qoyuldu, iki ölkə əl-ələ verərək uzun bir yol qət edəcək
 
 
 Azərbaycan Prezidenti İlham Əliyev İtaliya rəhbəri Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfərə gedib. Sentyabrın 5-də Prezident Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb. Görüşdə SOCAR ilə “Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunuldu, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, sənədlərin imzalanmasından sonra “Eni S.P.A” şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq. Daha sonra Romada Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib.
 Prezident İlham Əliyevin İtaliyaya səfəri həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyətə malikdir. İki ölkə arasındakı yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir. Cənubi Qafqazın ən güclü və modern dövləti, siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycanı İtaliya ilə sıx əlaqələr bağlayır. İtaliya ilə münasibətlərin inkişaf dinamikası olduqca yüksəkdir və ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Onun sözlərinə görə, ölkələrimiz arasında ticarət əməkdaşlığı iqtisadi münasibətlərin əsas istiqamətlərindəndir. Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyard dollar olan 37 layihədə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü elementi sayılır. Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək. Azərbaycan Qafqazda Avropa İttifaqının, o cümlədən İtaliyanın ən yaxın strateji tərəfdaşıdır. İtaliya Ermənistan ilə Azərbaycan arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində ədalətli yanaşma sərgiləyib. Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın yanında olub, bu ölkənin parlament qrupu Azərbaycana səfər edib. Senatorlar Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri ilə, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüblər. İşğaldan azad olunan ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində də İtaliya şirkətləri əsas pay sahiblərindəndir. Hazırda respublikamızın üç şəhərində İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da dost ölkə şirkətləri tərəfindən həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyevin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə - 2022-ci il avqustun 31-də İtaliyaya işgüzar səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, strateji əməkdaşlıq və tərəfdaşlığın daha yüksək səviyyəyə qalxmasına imkan yaratdı. Səfər zamanı Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirildi. Şübhə yox ki, dövlət başçısının İtaliyaya budəfəki səfəri də iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq.
 İtaliyanın əsas mətbu orqanlarından olan “Formiche” qəzeti Prezident İlham Əliyevin Romaya səfəri zamanı müzakirə olunan məsələlərə, Azərbaycanın regionda və dünyada oynadığı vacib rola dair məqalə yayımlayıb. Yazıda deyilib ki, Azərbaycan həm Asiyada, həm də Avropada müxtəlif mədəniyyətlərin və sivilizasiyaların dəyərlərini mənimsəyir və bu, ona əsl körpü rolunu oynamağa imkan verir. Bildirilib ki, Baş nazir Giorgia Meloninin hökuməti bunun fərqindədir və ümumi strategiyaları həyata keçirmək üçün həmin geosiyasi məkanla dialoqu gücləndirməyi hədəfləyir: “İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Azərbaycan isə Cənubi Qafqaz regionunda İtaliyanın əsas ticarət tərəfdaşıdır”. Məqalədə iki ölkə arasında əlaqələrin güclü olduğu qeyd edilib və xatırladılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il iyunun 26-da İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib. Eyni zamanda “Ansaldo Energia” ilə “Azərenerji” arasında müqavilənin, habelə Azərbaycan Hərbi Hava Qüvvələrinə “Leonardo” şirkətinin istehsalı olan “C-27 J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin tədarükü üçün müqavilənin imzalanmasına diqqət çəkilib. Roma-Bakı əlaqələrinin nəinki müdafiə, həm də mədəniyyət baxımından da möhkəm olduğu yazıda bildirilib. Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlinin qoyulduğu diqqətə çatdırılıb. Bundan başqa, məqalədə bu gün Ukraynada davam edən müharibənin İtaliyanın enerji təchizatına təsiri məsələsinə də toxunulub: “Bu kontekstdə Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən təbii qazı Avropaya nəql edən Cənub Qaz Dəhlizi adlanan layihənin bir hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) rolunu qeyd etməyə bilmərik. Bu günə qədər Avropaya təxminən 26 mlrd. kubmetr qaz nəql edilib. Trans-Anadolu Boru Kəməri ilə Türkiyə sərhədinə birləşdirilən TAP Yunanıstanın şimalından, Albaniyadan, sonra isə Adriatik dənizi boyunca Apuliya (İtaliya – red.) sahillərinə qədər keçir və Avropa ilə Qafqaz arasında yerləşən bir sıra ölkələri əhatə edir”. Yazıda o da bildirilir ki, Azərbaycanın rolu enerji ilə məhdudlaşmır, Bakı noyabrda COP29-u keçirməyə hazırlaşır. Məqalədə Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə də yer verilib. Bu kontekstdə “Bakı prosesi”nin əhəmiyyətinə toxunulub.
 İtaliyanın Asiya üzrə İnstitutunun (ISIA) vitse-prezidenti Sercio Divina deyib ki, Azərbaycan-İtaliya arasında sənaye, kənd təsərrüfatı və mühəndislik sahələrində mükəmməl nəticələr əldə edilib, şirkətlər bu sahələrdə çox maraqlı mübadilələr aparıb: "İlk növbədə TAP layihəsini xatırlatmaq istəyirəm. Bu, demək olar İtaliya üçün, ölkəmizin milli enerji təhlükəsizliyi baxımından strateji bir layihədir. Düşünürəm ki, Orta Dəhlizin inkişafı nəzərə alındıqda, hələ də birgə olacağıq. Planlaşdırma və böyük layihələrin reallaşdırılmasında çox ehtimal ki, uzun bir yol qət edəcəyik. Beləliklə, İtaliya və Azərbaycan əl-ələ verərək uzun bir yol qət edəcək".
 
 Millət vəkili Vüqar Bayramov "Sherg.az”a deyib ki, İtaliya Azərbaycanın vacib tərəfdaşlarından hesab olunur. Deputatın sözlərinə görə, son illər ölkələr arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir:

 "Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3.4 dəfə artıb. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb: - 18 milyard 122 milyon dollar. Bu kəskin artım Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlıdır. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Hazırda Azərbaycandan Avropaya 12 milyard kubmetr qaz ixrac olunur, ikinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir ki, bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir".

 Parlament üzvünün sözlərinə görə, Prezidentin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi aspektindən kifayət qədər əhəmiyyətlidir: 
"Azərbaycan Prezidentinin İtaliyaya səfərindən sonra ölkələr arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinin müşahidə olunacağı gözlənilir. İtaliya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də işğaldan azad olunan ərazilərimizə cəlb edilməsi də prioritet olaraq qalmaqdadır. O baxımdan Azərbaycan Prezidentinin İtaliyaya səfəri iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq".