İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır

Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına bərabər olub və burada artım üçün potensial var


  Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib. Dövlət başçısı vurğulayıb ki, uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaş olaraq fəaliyyət göstərir və müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilib: "Bizim əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var". Ölkə rəhbəri qeyd edib ki, enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır: "Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”. Ölkə başçısı qeyd edib ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır: "Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına bərabər olub və burada artım üçün potensial var. Təkcə enerji sektorunda deyil, digər sektorlarda da Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır. Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir".   
  Prezident vurğulayıb ki, təkcə Qafqazda deyil, daha geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası başlıca amil olub: "Otuz il ərzində bizim beynəlxalq səviyyədə tanınmış ərazimiz Ermənistanın işğalı altında olub". Dövlət başçısı xatırladıb ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının mütləq icra edilməli olan dörd qətnaməsinin olmasına baxmayaraq, bu işğal davam edirdi. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən dövlət başçısı 28 il ərzində həmin qrupun sıfır nəticə hasil etdiyini vurğulayıb. Prezident bəyan edib ki, Azərbaycanın sülh danışıqları ilə bağlı irəli sürdüyü təşəbbüsün sülh sazişinin imzalanması ilə nəticələnəcəyinə ümid bəsləyir: "Biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu mümkündür". Sülh müqaviləsinin mətninin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olunub: "Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək". 
  Azərbaycan-İtaliya siyasi əlaqələri strateji əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli tərəfdaşlıqla xarakterizə edilir. Prezident İlham Əliyevin 2022-ci ildə İtaliyaya rəsmi səfəri bu əlaqələrin daha da dərinləşməsində mühüm rol oynayıb. İki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq sazişi 2014-cü ildə imzalanıb. Dövlət başçısının 2022-ci ildə İtaliyaya səfəri zamanı bu tərəfdaşlıq daha da gücləndirilib və iki ölkə arasında yeni sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub. İtaliya Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasında əsas tranzit və istehlakçı ölkələrdən biridir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində İtaliya Azərbaycan qazının Avropaya nəqlində strateji mövqeyə malikdir. 2022-ci ildə baş tutan səfərdə enerji əməkdaşlığının davam etdirilməsi və genişləndirilməsi üzrə geniş müzakirələr aparılıb. İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə aktiv fəaliyyəti iki ölkə arasında münasibətlərin nə dərəcədə dərin olduğunun bariz nümunəsidir. Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerji, külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini ölkəmizə dəvət etmək üçün böyük planların olduğunu vurğulayıb. İtaliya şirkətlərinin Azərbaycan tərəfindən maliyyələşdirilən və ölkəmizdə icra etdiyi müqavilələrin dəyərinin 10 milyard dollardan çox olduğu bildirilir. İki ölkə arasında münasibətlər bütün Avropa və Qafqaz ölkələrinin inkişafına töhfə verəcək. 

  Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin İtaliya səfəri xüsusi önəm və əhəmiyyət daşıyır. Deputatın sözlərinə görə, İtaliya-Azərbaycan münasibətləri ötən dövr ərzində sürətli inkişaf yolu keçib: 

"İtaliya hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Azərbaycanın daxili işlərinə heç zaman müdaxilə etməyib. Əleyhimizə qarayaxma kampaniyası aparmayıb. İkili münasibətlərimiz bir çox Qərb dövlətləri üçün nümunə olub. O mənada budəfəki səfər də müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İtaliya Azərbaycandan neft-qaz alır. İtaliyanın yüzə yaxın şirkəti Azərbaycanda müxtəlif sektorlarda fəaliyyət göstərir. "Yaşıl enerji", "Yaşıl kimya", "Ağıllı şəhər", "Ağıllı kənd" layihələrində birgə əməkdaşlıq var. Bu gün Qarabağda, digər bölgələrdə məscidlərin, mədəniyyət mərkəzlərinin təmir-bərpasında, yenidən tikilməsində İtaliya şirkətləri böyük rol oynayırlar. Bütün bunlar əlaqələrimizin strateji əhəmiyyət daşıdığını göstərir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin qlobal siyasətdə önəmli aktora çevrilməsinə təkan verir. Dünyanın aparıcı ölkələri Azərbaycanla əməkdaşlığa can atır, münasibətləri inkişaf etdirməyə çalışır. Dövlət başçısının səfəri bu əlaqələrə öz töhfəsini verəcək. Qeyd edim ki, cənab Prezidentin Forumda çıxışı da dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənildi". Parlament üzvü vurğulayıb ki, iki ölkə arasında ən mühüm əməkdaşlıq sahələrindən biri neft-qaz sahəsidir: "Avropanın enerji təhlükəsizliyini təmin edən, uzunluğu 3500 km olan kəmər Azərbaycana məxsusdur. 10 ölkə Azərbaycandan qaz alır ki, onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu da onu göstərir ki, Azərbaycan Avropa İttifaqının əsas qaz təchizatçılarından biridir".