Bakı Qlobal Şəffaflıq Platformasının yaradılması iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynayacaq
COP29 Sədrliyi Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) start verib. BTP-nin məqsədi Tərəflər arasında inam və etimad yaratmaqla yanaşı, həm də inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməkdir. COP29 Sədrliyi qarşıdan gələn aylarda Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya, Afrika, Asiya-Sakit okean, Latın Amerikası və Karib hövzəsi ölkələrində şəffaflıq üzrə regional seminarlar keçirəcək. Eyni zamanda COP29 Sədrliyi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində həm BTP tərəfdaşlarının, həm də UNFCCC Katibliyinin dəstəyi ilə Qlobal Şəffaflıq Dialoqunu təşkil edəcək. Bundan əlavə, sözügedən platformanın hədəfi Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) universal iştirakı təşviq etmək və şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirməkdir. UNFCCC ilə əməkdaşlıq çərçivəsində yaradılan Bakı Qlobal İqlim Şəffaflığı Platforması inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və təqdim edilməsində kömək göstərmək üçün həm Konvensiya Tərəflərini, həm də maraqlı tərəfləri bir araya gətirəcək. Konvensiya Tərəflərinin tətbiq etdikləri Genişləndirilmiş Şəffaflıq Çərçivəsi (ETF) fonunda İkiillik Şəffaflıq Hesabatları (BTR) cari ildə şəffaflığın inkişafı baxımından mühüm rol oynayır. Bakı Qlobal İqlim Şəffaflığı Platformasına start verməklə, COP29 Sədrliyi BTR hesabatlarının hazırlanması və təqdim edilməsi ilə bağlı potensialın artırılmasında inkişaf etməkdə olan Tərəf ölkələrin səylərini dəstəkləmək niyyətindədir. Belə ki, bu platforma sayəsində dünya ictimaiyyəti görülən işlərin gedişatını daha yaxşı izləyərək etimad yarada biləcək və iqlim dəyişmələrinin təsirləri ilə mübarizə üçün əlavə fəaliyyət və investisiya tələb edən sahələri müəyyən edəcəkdir. BTP-nin birinci mərhələsi çərçivəsində əsas məqsəd BTR-lərin 2024-cü ildə təqdim olunmasını təmin etməkdir. İkinci mərhələdə isə platforma ETF-in icrası və bu layihədə universal iştirak üçün məqsədyönlü dəstək göstərməklə yanaşı, tərəflərin həm 2024-cü ildə, həm də sonrakı dövrdə həyata keçirdikləri işlərin dinamikasını izləməyə davam edəcək. Həmçinin şəffaflıq sahəsində siyasi iştirakı artırmaq məqsədilə COP29 Sədrliyi Qazaxıstan Respublikası prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova və İtaliyanın iqlim dəyişməsi üzrə xüsusi elçisi professor Françesko Korvaronun COP29-un şəffaflıq üzrə yüksək səviyyəli tərəfdaşları təyin olunduqlarını bəyan edib. Yeni təyin olunmuş tərəfdaşlar BTR prosesinin COP29-dan əvvəl sürətləndirilməsində mühüm rol oynamaqla yanaşı, həm COP29 ərəfəsində, həm də bilavasitə tədbir zamanı əsas diqqəti şəffaflığın əhəmiyyəti xüsusunda siyasi məlumatlılığın artırılmasına yönəldəcəklər. Şəffaflıq COP29 Sədrliyinin ambisiyanı artırmaq və fəaliyyətə təkan vermək səyləri baxımından mühüm əhəmiyyət kəsb edir. Effektiv İkiillik Şəffaflıq Hesabatları (BTR) iqlim təşəbbüsləri üzrə irəliləyişimizi qiymətləndirmək üçün mühüm istinad nöqtələri ola bilər. İqlim dəyişmələri ilə bağlı kollektiv səylərimizin əsasını təşkil edən BTR-lər Tərəflər arasında qarşılıqlı inam və etimad yaratmaqla yanaşı, bizi daha çox irəliləyiş əldə edə biləcəyimiz sahələri müəyyənləşdirməyə və daha böyük ambisiyalara həvəsləndirir. Həmçinin sözügedən platforma hökumət, beynəlxalq təşkilatlar, QHT-lər və özəl sektor da daxil olmaqla, cəmiyyətin bütün sahələrindən olan maraqlı tərəflər arasında əməkdaşlıq və koordinasiya məkanı olacaq. Tərəflərin BTR-ləri hazırlaması və ETF-də iştirakı ilə bağlı təcrübə, çətinlik və uğurların paylaşılmasını təşviq etməklə, Bakı Qlobal İqlim Şəffaflığı Platforması kollektiv səylərimizi daha da artıracaq. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiell İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının işə salınmasını alqışladığını bildirib. Onun sözlərinə görə, iqlim dəyişiklikləri dünya ölkələrində daşqınlar və digər təbii fəlakətlərlə müşayiət olunur, heç bir ölkə bu təsirlərdən kənarda qalmır. İqlim dəyişikliyi bütün ölkələr üçün ciddi təhdiddir və həmin təhlükəyə qarşı birlikdə tədbirlər həyata keçirilməlidir. Stil bildirib ki, Bakı Qlobal Şəffaflıq Platformasının yaradılması iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynayacaq: “Bu platforma iqlim dəyişiklikləri ilə mübarizədə şəffaflığı təmin edəcək, dövlətlər və təşkilatlar arasında əməkdaşlığı gücləndirəcək və qlobal miqyasda iqlim siyasətlərinin daha effektiv həyata keçirilməsinə töhfə verəcək. İqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi olduqca əhəmiyyətlidir. Bakı Qlobal Şəffaflıq Platforması bu istiqamətdə əsas vasitələrdən biri olacaq və qlobal səylərin birləşdirilməsinə imkan yaradacaq”. O, COP29 konfransında beynəlxalq əməkdaşlığın vacibliyini bir daha vurğulayaraq qeyd edib: “İqlim dəyişiklikləri ilə bağlı şəffaflıq hesabatlarının hazırlanması xüsusilə inkişaf etməkdə olan ölkələr üçün daha çətindir. Bu çətinliklər resurs çatışmazlığı, texniki imkanların məhdudluğu və institusional dəstəyin yetərsizliyi ilə əlaqəlidir. Məhz bu səbəbdən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası bu ölkələri dəstəkləyir. BMT-nin bu dəstəyi, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizədə daha fəal iştirak etməsinə və beynəlxalq miqyaslı cəhdlərə töhfə verməsinə imkan yaradır. Bu əməkdaşlıq, həmçinin qlobal iqlim məqsədlərinə nail olunmasında vacib rol oynayır. COP29 çərçivəsində bu mövzuların müzakirəsi, iqlim dəyişikliyi ilə mübarizədə daha inklüziv və ədalətli yanaşmaların tətbiq olunmasının zəruriliyini bir daha göstərir”.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a bildirib ki, Azərbaycanın qlobal platformalar hazırlaması, onu dünyaya təqdim etməsi, müxtəlif kreativ layihələri gündəmə gətirməsi təbii qarşılanmalıdır. Ekspertin fikrincə, Azərbaycan hakimiyyəti təmiz ətraf mühit uğrunda aktiv fəaliyyət göstərən dövlətlərdən biridir:
"Bu səbəbdən COP29 tədbiri Azərbaycanda keçirilir. Bununla bağlı qərar yekdilliklə qəbul olunub. Azərbaycan hakimiyyəti 2030-cu ilədək ölkəni "Yaşıl İnkişaf Ölkəsi"nə çevirmək əzmindədir. Hakimiyyət elan edib ki, işğaldan azad olunan ərazilərdə yalnız yaşıl enerjidən istifadə olunacaq. Bu istiqamətdə böyük işlər görülür. Bu gün dünyanın ən böyük problemi iqlim dəyişikliyidir. Dünyanı narahat edən məsələ məhz budur. Ancaq təkcə narahatlıq ifadə etmək kifayət etmir. Bu istiqamətdə ciddi işlər görülməlidir. Ətraf mühitin çirklənməsinin qarşısının alınması, yaşıl enerjidən istifadənin miqyasının artırılması istiqamətində real addımlar atılmalıdır. Azərbaycan qabaqcıl yer tutmaqla yanaşı, həmçinin digər ölkələrə də nümunə göstərir. Sözdən işə keçməyin vacib olduğunu bəyan edir və real addımlar atır. Bununla sübut edirik ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar tamamilə yerində və doğrudur".