Azərbaycanda saxlanılan erməni separatçılarının qaytarılması məsələsinin gündəmə gətirilməsi Paşinyan hökumətinin maraqlarına cavab vermir
Saxlanılan ermənilərin qaytarılması məsələsi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsinə daxil edilməyib. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib. O xatırladıb ki, bu məsələ 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına daxil edilib, “Rusiya və Azərbaycan saxlanılanların qaytarılması məsələsini həll etməyə söz veriblər”.
Araşdırmaçı-jurnalist Asəf Quliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, Alen Simonyan da bu mövzuya toxunmaqla bir növ separatçıların arxasındakı qüvvələrə mesaj verir ki, ermənilərin qaytarılması məsələsi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsinə daxil edilməyib və edilə də bilməz:
“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında qeyd edilən maddədə isə söhbət müharibədə əsir və girov düşən şəxslərdən gedir. Qarabağdakı separatçılar isə cinayətkar olaraq həbs edilib”.
A.Quliyevin sözlərinə görə, Azərbaycanda saxlanılan erməni separatçılarının qaytarılması məsələsinin gündəmə gətirilməsi Paşinyan hökumətinin maraqlarına cavab vermir: “Əvvəla onu deyim ki, bu, mümkün olan məsələ deyil. Deyək ki, möcüzəvi bir hal oldu və Azərbaycan həmin separatçıları Ermənistana təhvil verdi və bu adamlar erməni xalqının qəhrəmanları kimi İrəvana qayıdacaqlar. Vardanyan başda olmaqla Azərbaycanda saxlanılan erməni separatçıların Paşinyana qarşı münasibəti bəllidir. Ona görə də Ermənistan hökumətinin Azərbaycanda saxlanılan ermənilərin qaytarılması məsələsinin Sülh müqaviləsi layihəsinə daxil edilməsində maraqlı deyil. Bu məsələni gündəmə gətirməklə erməni ekspertlər özlərinə populyarlıq qazanır. Digər tərəfdən də bu, daha çox Kremlin maraqlarına cavab verir. Ruben Vardanyanı Qarabağa göndərən də, onun arxasında dayanan qüvvə də məhz Rusiya idi. Onun azadlığa çıxması da məhz Rusiya üçün əhəmiyyətlidir”.