Klassik mənada, diplomatiyanın əsas məqsədi dostların sayının artırılması, düşmənlərin neytrallaşdırılmasıdır
"Prezident İlham Əliyev İtaliya səfərində, Beynəlxalq Çernobbio Forumunda çıxışında bir çox suallara aydınlıq gətirdi".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, Avropa İttifaqı və Birliyə daxil olan ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlıq, Avropa Şurası Parlament Assambleyası, enerji təhlükəsizliyi, Rusiya-Ukrayna müharibəsi və s. məsələlərlə bağlı ölkəmizin apardığı siyasət Forum iştirakçılarının diqqətinə çatdırıldı:
"Əsas diqqət çəkən məqamlardan biri, İtaliya prezidenti, baş naziri və digər rəsmilərlə məhsuldar görüşlər oldu. İtaliya Avropa İttifaqı ölkələri arasında Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 2-ci yeri tutur. Aİ-nin 3-cü iqtisadiyyatına malik İtaliya ilə strateji əməkdaşlığımız, son dərəcə əhəmiyyətlidir. Ələlxüsus, 44 günlük müharibənin nəticələrini həzm edə bilməyən Makron Fransasının neytrallaşdırılması baxımından. Fransa, Avropa strukturlarından istifadə etməklə, düşmənçiliyini davam etdirir. Davamlı şəkildə, müxtəlif sanksiyalarla təhdid edir".
Parlamentari bəyan edib ki, Azərbaycan diplomatiyasının gücü ondadır ki, düşmən nə qədər güclü olursa-olsun, qabaqlayıcı tədbirlər görür və planlarını pozur:
"İndiki halda, Azərbaycan Fransa-İtaliya münasibətlərindəki boşluqlardan səmərəli şəkildə istifadə edir. Nəticə etibarilə, qazanan Azərbaycan və İtaliya oldu. İtirən isə Fransa. Klassik mənada diplomatiyanın əsas məqsədi dostların sayının artırılması, düşmənlərin neytrallaşdırılmasıdır. Bu baxımdan, Prezident İlham Əliyevin diplomatiyası, Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, dövlət və milli maraqlarının bütün platformalarda müdafiəsini təmin edir".
Qeyd edək ki, ötən həftə sonu Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, Beynəlxalq Çernobbio Forumunda iştirakı, bir sıra şəxslərlə və qlobal şirkət rəhbərləri ilə görüşü baş tutub. Dövlət başçısının Forumda çıxışı zamanı olduqca önəmli məqamlara təmas etməsi də dünya mediasının nəzərindən qaçmayıb. Qeyd olunub ki, İtaliya ölkəmizin vacib tərəfdaşlarından biridir. Xüsusilə də, son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Təsadüfi deyil ki, ölkəmizin Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz İtaliyanın payına düşür. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır.