Ermənistanın tezliklə Aİ-yə üzvlüyü qeyri-mümkündür

Cəmiyyət qərbpərəst və ruspərəst olmaqla kəskin qütbləşib, Qərbə belə qütbləşmiş cəmiyyəti olan ölkə lazım deyil

  Ermənistanın Avropa İttifaqına daxil olması məsələsi ilə bağlı imzatoplama kampaniyasına başlanılıb. Ermənistan Mərkəzi Seçki Komissiyası ölkənin Aİ-yə daxil olması haqqında qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün təşəbbüs qrupunun yaradılması təklifini təsdiqləyib. İmzaların toplanması 2024-cü il sentyabrın 16-dan noyabrın 14-dək aparılmalıdır. Nəşr bildirir ki, qanun layihəsinin baxılmağa təqdim edilməsi üçün Ermənistan vətəndaşlarının 50 min imzasını toplamaq lazımdır. Əgər bu mümkün olarsa, lakin parlament qanun layihəsini təsdiq etməzsə, o zaman təklifin referenduma çıxarılması üçün təkrar imza toplanması nəzərdə tutulur. Bunun üçün 300 min imza toplamaq lazım gələcək. Qeyd edək ki, sentyabrın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının rəhbərinin müavini Marqaritis Şinasla görüşdə bildirib ki, Ermənistan və Avropa İttifaqı viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır.
  Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, prinsip etibarilə Ermənistanın Aİ-yə üzv olmaq istəməsi yeni məsələ deyil, lakin proses xeyli mürəkkəbdir. Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycanla faktiki müharibə vəziyyətindədi :

"Aktiv döyüşlər olmasa da, iki ölkə arasında sülhün imzalanmaması gərginlik risklərini daim aktual saxlayır. Müharibə vəziyyətində olan ölkənin Aİ-yə üzvlüyü mümkün deyil. Ermənistanın daxili siyasəti də qeyri-sabitdir. Daha dəqiq desək, erməni cəmiyyəti qərbpərəst və ruspərəst olmaqla kəskin qütbləşib. Aİ-yə belə qütbləşmiş cəmiyyəti olan ölkə lazım deyil. Yəni bu meyar mühümdür. Ermənistan iqtisadi baxımdan həm zəif, həm də Rusiyadan asılıdır. Bu, Ermənistanın Aİ-yə üzvlüyü önündə ən önəmli problemdir".
  Analitikin qənaətincə, başda Almaniya olmaqla Aİ üzvləri ittifaqa zəif iqtisadiyyatlı ölkələri qəbul etmək istəmirlər. Yəni mövcud vəziyyətdə Ermənistan da qəbul edilməyəcək: "Bununla belə, Ermənistanın Aİ-yə üzv olması mümkünsüz də deyil. Qarşıdakı 15-20 il ərzində İrəvan ittifaqa qoşula bilər. Bu gün ABŞ, Aİ, Fransanın Ermənistana ayırdığı yardımların əsas məqsədi bu ölkəni Rusiya təsirindən çıxarmaqdırsa, uzaq perspektivdə Aİ-yə üzv etmək üçün iqtisadiyyatını gücləndirməkdir. Yəni yaxın 15-20 il ərzində Ermənistanda rusiyameyilli qüvvələr hakimiyyətə gəlməz, yardımlar davam edərsə, bu baş verə bilər".