Ukrayna ilə münaqişə rus hərbçilərin kütləvi ölüm yerinə çevrilib
Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə silahlı qüvvələrin şəxsi heyəti 2 milyon 389 min nəfərə qədər artırılıb. Bununla Rusiya ordusunda hərbi qulluqçuların sayı 180 min nəfər artırılaraq 1,5 milyon nəfərə çatdırılıb. 9 ay əvvəl Rusiya ordusunun şəxsi heyətinin sayı 170 min nəfər artırılaraq, 2 milyon 209 min 130 nəfərə çatdırılmışdı. Ekspertlərə görə, bu rəqəmlər Rusiyanın Ukrayna müharibəsində itklərindən və itkilərin yerini yeni hərbçilərlə doldurmasından xəbər verir. Rusiya hökumətinin ölkədəki qanunsuz miqrantları da zorla Ukrayna ilə müharibəyə cəlb etməsi ilə bağlı iddialar yayılıb. Hətta miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşlarının da başına eyni oyun gətirildiyi deyilir. Bakı bununla bağlı Rusiya XİN-ə nota verib.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Ukrayna ilə müharibə rusiyalı hərbçilərin kütləvi ölüm yerinə çevrilib. Analitik qeyd edib ki, Kreml gəncləri müharibəyə cəlb etmək üçün onlara şirnikləndirici müqavilələr imzalatdırır:
"Bır sıra hallarda bu müqavilələr zorla və aldadılaraq imzalatdırılır. Kreml ölkə vətəndaşlarıyla yanaşı Rusiyada fəhləlik edən millətləri də ölümə göndərmək üçün hiyləgər plan reallaşdırır. Məsələn, Hindistandan Rusiyaya işləməyə gedən hindliləri aldadaraq əllərinə silah verib müharibə bölgəsində göndərmişdilər. Onlardan neçəsi öldü. Sağ qalan hindlilər Hindistan hökumətinə müraciət edərək onları bu ölümdən xilas etməyə çağırdılar. Narendra Modi üçüncü dəfə Hindistanın baş naziri seçilən kimi birinci Rusiyaya səfər edib Putindən xahiş etdi ki, aldadılan vətəndaşlarını geri qaytarsın. Putin Modinin xahişini yerinə yetirdi. Maraqlısı odur ki, Putin hindlilərin aldadılaraq müharibəyə göndərilməsinə görə kimin məsuliyyət daşımasını müəyyənləşdirmədi".
Siyasi şərhçi Çeçenistana işləməyə gedən bir qrup Azərbaycan vətəndaşının Ukrayna ilə müharibəyə yollanmasına da toxunub: "Oxşar halların baş verəcəyini aylar öncə proznozlaşdırmışdım. Bir neçə dəfə internet televiziyalardan vətəndaşlarımıza çağırışım olmuşdu ki, onları aldadıb və ya şirniklədirib ölümə göndərəcəklər. Azərbaycan Xarici İşlər Nazirliyinin və digər müvafiq qurumlarımızın Rusiyada yaşayan və işləyən həmvətənlilərə müraciəti olmalı, onları ölümün çaynağından qurtarmalıdırlar. Çünki belə hallar təkrarlanacaq. Kreml müharibəni dayandırmaq istəmədiyindən daima ölümə göndərməyə canlı qüvvə axtaracaq".