Vaşinqtonun Cənubi Qafqazdakı taleyi Paşinyanla bağlıdır  - ŞƏRH

ABŞ sülhə tələsir

Ona görə Vaşinqton sülh sazişinin bir an öncə imzalanmasında maraqlıdır

Vaşinqtonun başlıca marağı odur ki, Paşinyan rejimi qorunsun

“Sözsüz ki, Paşinyan rejiminin saxlanması ABŞ-yə gələcəkdə Cənubi Qafqaz regionu ilə bağlı niyyətlərini həyata keçirməyə təminat verir”


  ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib. Regionda artıq sülhün mövcud olduğunu deyən dövlət başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına soy qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib. Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub. Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-nin COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib. Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Siyasi elmlər doktoru, professor, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşiroğlu "Sherg.az"a bildirib ki, ABŞ tez zamanda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı olduğunu gizlətmir. Professor vurğulayıb ki, burada düşündürücü məqamlar çoxdur: "ABŞ və Fransa Ermənistanı təhlükəli silahlarla təchiz edir. ABŞ və Ermənistan birgə təlimlər keçirirlər. 

Ümumiyyətlə, Ermənistan ABŞ-nin regionda gərginlik yaratmaq niyyətlərinə cavab verən mövqe sərgiləməkdədir. Bütün bunların fonunda həqiqətən düşündürücüdür ki, Ermənistanla təmaslarını sıxlaşdıran ABŞ-nin tez zamanda sülh müqaviləsinin imzalanmasında marağı nədən ibarətdir. Başlıca maraq odur ki, Paşinyan rejimi qorunsun. Çünki Azərbaycanın sülh sazişini imzalaması üçün irəli sürdüyü haqlı tələbləri mövcuddur. Azərbaycan Prezidenti dəfələrlə aydın mətnlə ifadə edib ki, Azərbaycanın irəli sürdüyü prinsipial şərtlər əsasında sülh sazişi imzalanmalıdır. Ermənistan konstitusiyasında dəyişiklik etməlidir və ATƏT-in Minsk qrupu buraxılmalıdır. Bu şərtlər mütləq təmin olunmalıdır. Azərbaycan nəyə görə bu şərtləri prinsipial hesab edir, bunun səbəbi çox aydındır. Ona görə ki, Ermənistan öz konstitusiyasına dəyişiklik etmədən Azərbaycanla sülh sazişini imzalayacaqsa, bu sazişin gələcəkdə heç bir hüquqi qüvvəsi olmayacaq. Paşinyan bununla öz üzərinə heç bir öhdəlik götürmüş olmayacaq. Sülh sazişində ifadə olunan vacib məqamlara da gələcəkdə də biganə yanaşacaq. Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması, orada yer alan digər mühüm məqamlar regionda etibarlı və dayanıqlı sülhün təmin olunmasına xidmət edir. Azərbaycanın da başlıca məqsədi ondan ibarətdir. Ermənistan isə ağır məğlub durumdadır. Paşinyan bu ağır məğlubiyyəti öz adının yanında saxlamaq istəmir. Bu, həm də onun hakimiyyətinin taleyi ilə bağlıdır. Ona görə də Paşinyan bu gün zaman udmağa çalışır. ABŞ bu zamanı Paşinyana qazandırmağa kömək etmək istəyir".
  Parlament üzvü bəyan edib ki, əgər ABŞ dövlət katibi simasında Azərbaycanla Ermənistan arasında sülhün imzalanmasını sürətləndirmək istəyirsə, bunun çox aydın yolu var: "Bu yol ondan ibarətdir ki, Ermənistana təsir göstərilsin, Azərbaycanın haqlı, beynəlxalq hüquqla tam uzlaşan, regionun təhlükəsizliyi naminə olduqca prinsipial şərtlərini yerinə yetirsin. Yəni konstitusiyada dəyişiklik etsin. Azərbaycan Minsk qrupunun ləğvi ilə bağlı da müraciət edir. Bu vacib şərtlər yerinə yetiriləndən sonra təbii ki, sülh sazişi imzalanacaq. Amma ABŞ Paşinyanı qorumaq üçün bu şərtlər icra olunmadan sülh sazişinin imzalanmasını istəyir. Sözsüz ki, Paşinyan rejiminin saxlanması ABŞ-yə gələcəkdə Cənubi Qafqaz regionu ilə bağlı niyyətlərini həyata keçirməyə təminat verir. Bu rejim Qərb tərəfindən formalaşdırılıb və ömrünü uzatmaq üçün əlindən gələni edir. Ermənistanın sistemli şəkildə silahlandırılması, ona hərtərəfli dəstəyin göstərilməsi, Azərbaycanın üzərində siyasi hücumların təşkil edilməsi, sülhlə bağlı canfəşanlığın edilməsi də Paşinyan rejiminin qorunmasına hesablanıb".