Paşinyanın Gürcüstan hakimiyyəti ilə razılaşması mümkün görünmür

Əksinə, yaxın perspektivdə Ermənistan və Gürcüstan arasında yeni siyasi böhranın dərinləşməsi gözlənilir

  "Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstana səfəri Tbilisinin anti-Qərb siyasəti fonunda reallaşıb". Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Qərbin Gürcüstana sanksiyalar və təzyiqlər tətbiq etməsi İrəvanı da yaxın perspektivdə çətinliklərlə qarşı-qarşıya qoyacaq:

"Ermənistan Gürcüstan vasitəsilə Qərblə əlaqələr saxlayır və Fransadan göndərilən silahlar bu ölkənin ərazisi ilə daşınır. Gürcüstan və Qərb arasında münasibətlər kəskinləşib. Bu da Ermənistan üçün əlavə risklər yaradır. Nikol Paşinyan Gürcüstana səfəri zamanı apardığı danışıqlarda Qərbdən göndərilən mülki və hərbi yüklərin maneəsiz keçidinin gələcəkdə də davam etdirilməsini istəyib. Qərblə Gürcüstan arasındakı siyasi böhran Qərbdən göndərilən yüklərin Ermənistana çatdırılmasında problemlər yarada bilər. Gürcüstan hakimiyyəti Paşinyanın Qərblə sıx əməkdaşlığından narahatdır. Qərbdən üz döndərən rəsmi Tbilisi İrəvanda yerləşən Qərb institutlarını təhdid olaraq görür. Xüsusilə Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbul edilməsindən sonra Qərblə əməkdaşlıq edən QHT-lər İrəvana köçüblər və orada maliyyələşirlər".
  Analitik vurğulayıb ki, Gürcüstan hökumətinin Paşinyandan İrəvanda Gürcüstan əleyhinə layihələri maliyyələşdirməməsini istəməsi istisna deyil: "Oktyabrda parlament seçkiləri yaxınlaşdıqca, gürcü hökuməti ölkədə Qərbin "rəngli inqilab" hazırladığını iddia edir. Əlbəttə, bu xüsusda Paşinyanın Gürcüstan hakimiyyəti ilə razılaşması mümkün görünmür. Çünki İrəvan Qərbin Gürcüstanla bağlı təlimatından çıxa bilməyəcək. Yaxın perspektivdə Ermənistan və Gürcüstan arasında yeni siyasi böhran dərinləşməsi gözlənilir. Gürcüstan hökuməti Azərbaycan əleyhinə Ermənistanla əlaqələr qura bilməz. Əgər bu baş verərsə, Qərblə siyasi böhran yaşayan Gürcüstanın Ermənistana deyil, Azərbaycana ehtiyacı daha da artacaq".