20 Sentyabrda tarixi zəfərimiz taclandı

Bu gün biz qorxunc yaranı kəsib atmağı bacardıq

Artıq Azərbaycan ərazisində separatçılıq və terrorçuluqla məşğul olan bir süni təsisat yoxdur

  "20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək". Bunu Prezident İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında müəllim və tələbə heyəti ilə görüşündə deyib. Dövlət başçısı bəyan edib ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa edib: "Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi". Prezident vurğulayıb ki, cəmi bir neçə saat davam edən əməliyyat Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatıb: "Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq. İndi deyilir ki, 23 saat davam etdi, bəli, ümumi proses 23 saat davam etdi. Ancaq bu prosesin hərbi hissəsi bir neçə saat davam edib. Bütün bunlar bir daha dövlətimizin gücünü, xalqımızın iradəsini, gənc nəslin tərbiyəsini, bacarığını göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz". Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, 20 Sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü elan edilib.
  Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, Azərbaycanın dövlətçilik tarixində elə təqvim günləri var ki, onlar milli yaddaşımız və dövlətçilik tariximiz baxımından çox mühüm əhəmiyyət kəsb edir. Deputatın sözlərinə görə, belə günlərdən biri də heç şübhəsiz ki, 20 sentyabrdır

"20 sentyabrda Müzəffər Azərbaycan Ordusunun keçirdiyi lokal anti-terror tədbirləri sayəsində ölkəmizin dövlətçilik təməlinin altına uzunmüddətli mina kimi yerləşdirilmiş erməni separatizminə son qoyuldu. Beləliklə, Azərbaycan dövlətçiliyi özünü gələcək təhdidlərdən xilas etmiş oldu. Bu, həm də mühüm tarixi strateji, önəmli hüquqi siyasi məsələdir. Ərazilərimizin 30 il işğal altında qalması da Qarabağda daim terrorçuluq və separatçılıqla məşğul olanların əməlinin nəticəsi idi. Ona görə də separatizmi birdəfəlik kökündən həll etmək zərurəti yaranmışdı. Bu önəmli gün də 2023-cü ilin 20 sentyabrında baş verdi".
Parlamentari vurğulayıb ki, Prezidentin Sərəncamı həm hüquqi, həm tarixi nöqteyi-nəzərdən çox mühüm əhəmiyyət kəsb edir: "Dövlət suverenliyi anlayışının Azərbaycan üçün nə qədər əhəmiyyətli olması təkcə 20 sentyabrda yox, daim xalqın hüquqi yaddaşına həkk olunmalıdır: "Bu, vətəndaş-dövlət arasında bağları daha da gücləndirməklə yanaşı, əldə etdiyimiz zəfərin obyektiv qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir. Məsələnin tarixi tərəfinə gəldikdə isə artıq hər bir azərbaycanlı əmindir ki, Azərbaycan ərazisində separatçılıq və terrorçuluqla məşğul olan bir süni təsisat yoxdur. Azərbaycan hərbi cərrahi üsulla dövlətimizin bədəninə yeridilmiş qorxunc yaranı kəsib atmağı bacardı. Məhz 2023-cü ildən sonra sözün əsl mənasında tarixi zəfərimiz taclanmış oldu".