Rusiya Ermənistanı KTMT-də saxlamağa çalışır - Politoloq

Kreml fərqindədir ki, Ermənistanın təşkilatdan çıxması təşkilatın son nəticədə dağılmasına start verə bilər

  Ermənistan hakimiyyəti Rusiya ilə siyasi dialoqu və idarələrarası əməkdaşlığı məhdudlaşdırmağa başlayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. Zaxarova bildirib ki, Rusiya tam formatlı əməkdaşlığı bərpa etməkdə, manipulyativ ritorikadan tamhüquqlu qarşılıqlı əlaqəyə keçiddə maraqlıdır: "İrəvanın ritorikasından belə bir təəssürat yaranır ki, Aİİ və KTMT-yə eyni ölkələr daxil deyil, axı bu birliklərin onurğa sütunu eynidir". Rusiya XİN rəsmisi qeyd edib ki, KTMT ilə bağlı dezinformasiya Ermənistanda müəyyən siyasi qüvvələr tərəfindən qəsdən yayılır və KTMT-nin Ermənistanı müdafiə etməməsi ilə bağlı deyilənlər doğru deyil: “KTMT-nin Ermənistanı müdafiə etməkdən imtina etməsi bəhanəsi ilə ölkə rəhbərliyi Rusiya ilə siyasi dialoqu məhdudlaşdırıb. İrəvan daima əməkdaşlığı azaldır. Bunun əksinə olaraq, Ermənistan sürətlə Qərbə yaxınlaşmağa başladı. Bütün bunlarda bir növ manipulyasiya var”. Onun sözlərinə görə, Qərb İrəvanın beynəlxalq siyasətinə təzyiq göstərməyə çalışır və bunu Qərb rəsmilərinin Ermənistanı Rusiyadan qoparmaq cəhdləri ilə bağlı bəyanatları da təsdiqləyir. Xatırladaq ki, Baş nazir Nikol Paşinyan Ermənistan suverenliyinə təhdid yaratdığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurduğunu deyib. Paşinyan bildirib ki, Ermənistan bu təşkilatla bağlı geri dönülməsi mümkün olmayan nöqtəyə yaxındır. Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır.
  Politoloq Abutalıb Səmədov deyib ki, Ermənistanın KTMT-yə qayıdışı mümkünsüz görünür. Analitikin sözlərinə görə, Ermənistan faktiki olaraq KTMT-nin işində iştirak etmir və üzvlük haqqını da ödəmir:

"Paşinyan çalışır ki, müəyyən gedişlərlə Moskvadan uzaqlaşsın. Rusiya və onun təşkilatdakı təmsilçiləri Moskvanın mövqeyini ifadə edirlər. Prosesi mümkün qədər uzatmağa çalışırlar. Ümid edirlər ki, Ukrayna müharibəsi bitdikdən sonra Ermənistanı təşkilatda saxlamaq mümkün ola bilər. Halbuki KTMT-nin əhəmiyyətsiz olduğunu Ukrayna müharibəsi də göstərdi. Rusiya ağır hərbi əməliyyata girişib, dünyanın yarısı ona qarşıdır və Moskvanın yanında heç kim yoxdur. Ukrayna NATO üzvü olmadığı halda hərbi alyansa daxil olan ölkələr Kiyevə hər cür dəstək verirlər”.
  Siyasi şərhçi qeyd edib ki, Rusiya KTMT üzvü olsa da, bu quruma daxil olan heç bir ölkə Rusiyaya yardım göstərmir. Hətta İttifaq Dövlətində birlikdə təmsil olunduğu Belarusun da ciddi yardımı gözə dəymir: "Bütün bunlar KTMT-nin nə qədər əhəmyyətsiz olduğunu ortaya qoyur. Rusiyanı qorxudan da budur. Ermənistanın KTMT-dən çıxması təşkilatın son nəticədə dağılmasına start verə bilər. Bu, pis nümunə olar. O səbəbdən Ermənistanın təşkilatda qalması üçün ciddi cəhd göstərilir. Əks halda Ermənistan nə hərbi, nə də iqtisadi baxımdan Rusiya üçün maraqlıdır. Moskvanı narahat edən Ermənistanın bu təşkilatdan çıxmasından sonra yaşana biləcəklərdir. Ona görə də nəyin bahasına olursa-olsun, Ermənistanı KTMT-də saxlamaq istəyir".