Pezeşkiandan Hizbullah açıqlaması: Təkbaşına İsrailə qarşı dura bilməz


İsrailin Livana hücumları davam edərkən, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu Yorka səfər edən İran prezidenti Məsud Pezeşkian Hizbullahla bağlı diqqətçəkən açıqlamalar verib.
Sherg.az xəbər verir ki, Nyu Yorkda CNN televiziyasına danışan Pezeşkian İsrailin bölgəyə təcavüzünün mümkün nəticələrini dəyərləndirib.
O, deyib: "Hizbullah bunu təkbaşına edə bilməz. Hizbullah Qərb ölkələri, Avropa ölkələri və ABŞ-ın ən qabaqcıl silahlarla dəstəklədiyi bir rejimə qarşı təkbaşına dayana bilməz".

İran prezidenti Pezeşkian İsrailin hücumlarını davam etdirdiyi Livanın Qəzzada vəziyyətə çevrilməsinə icazə verilə bilməyəcəyini bir daha təkrar edərək, İsrailin hücumları dayandırılmadığı təqdirdə bölgənin daha genişmiqyaslı müharibəyə girmək riski ilə üzləşəcəyini bildirib.

İsrail ordusu dünən səhər saatlarından etibarən Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Livan Səhiyyə Nazirliyi hücumlarda 35-i uşaq, 58-i qadın olmaqla 492 nəfərin həyatını itirdiyini, 1645 nəfərin isə yaralandığını açıqlayıb. Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edir. Livan Təhsil Nazirliyi ölkə daxilində təhsilin dayandırıldığını açıqladığı halda, Daxili İşlər Nazirliyi ölkənin cənubunda İsrailin hücumları nəticəsində didərgin düşmüş vətəndaşların yerləşdirilməsi üçün məktəblərin açıldığını açıqlayıb.