Türkiyənin hakim partiyası: Azərbaycanla qardaşlığımız əbədidir

Azərbaycanla qardaşlığımız əbədi xarakter daşıyır.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik martın 19-da Adanaya səfəri zamanı deyib.

Onun sözlərinə görə, son vaxtlar Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq cəhdləri edilib. “Biz bir millət, iki dövlətik və bu, dəyişməzdir. Dövlətlərin dost ölkə ilə hər cəhətdən eyni siyasət yürütməli olduğuna dair heç bir qayda yoxdur”, - deyə o vurğulayıb.

Ö.Çelik bildirib ki, dövlətlərin fərdi hadisələrə və proseslərə münasibəti fərqli ola bilər. “Hər bir ölkənin öz şəraiti var. Amma nəticə etibarilə bir şey açıq-aydındır: Azərbaycanla qardaşlığımız müvəqqəti yaxınlıq deyil, əbədi bir birlikdir”, - deyə AKP nümayəndəsi əmin edib.

Siyasətçi vurğulayıb ki, Ankara Azərbaycan ilə aralarına nifaq salmaq cəhdlərini rədd edir: “Biz bundan sonra da qardaşlığımızı “Bir millət, iki dövlət” prinsipi kontekstində müdafiə etməyə davam edəcəyik. Son zamanlar Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışan qrupların xarici əlaqələri və onların əsl məqsədləri barədə yaxşı məlumatlandırılmışıq. Biz heç bir halda buna yol verməyəcəyik”.