Hizbullah lideri Nəsrullahın ölümü 5 sualda: İndi nə olacaq?

İsrail ordusu Beyruta hücumda Hizbullah lideri Həsən Nəsrullahın öldürüldüyünü açıqlayıb. Hizbullah Nəsrullahın ölümünü təsdiqləyərək, “Biz mübarizəmizi davam etdirəcəyik” deyib. Hizbullahın bir nömrəli fiqurunun öldürülməsi bəzi suallar doğurdu. Nəsrullahın ölümünün Hizbullahın gələcəyi, Livan və Yaxın Şərq üçün nə demək olduğu ilə bağlı müzakirələr davam edir.
Yaxın Şərqdə gərginliyin artmaqda davam etdiyi bir vaxtda uzun müddət Hizbullah lideri Həsən Nəsrullahın ölüm xəbəri dünyanı şoka saldı.

Nəsrullah İsrail ordusunun Hizbullahın mərkəzi qərargahını hədəfə aldığı hücumda öldürülüb.

Bombardman zamanı Hizbullahın cənub cəbhəsi komandiri Əli Karaki, kəşfiyyat rəhbəri Həsən Yasin və İran İnqilabı Keşikçiləri Korpusunun Livandakı Qüds Qüvvələrinin komandiri Abbas Nilfuşan da həlak olub.

İranın dini lideri Əli Xamneyi İsrailin Livana hücumlarını pisləyib və "müdafiəsiz insanlara qarşı qırğın törədildiyini" deyib.

Həmas həm də Nəsrullahın öldürülməsinin yalnız müqaviməti daha da gücləndirəcəyini bildirib.

Nəsrullahın ölümünün Hizbullah və Yaxın Şərqin gələcəyi üçün nə demək olduğu barədə spekulyasiyalar davam edir.

Livanın müxtəlif bölgələri günlərdir İsrailin bombardmanları altındadır. Paytaxt Beyruta edilən son hücumda Hizbullahın əsas qərargahı hədəfə alınıb.

İsrail ordusunun sözçüsü Daniel Həcəri Nəsrullahın Hizbullahın yeraltı qərargahında öldürüldüyünü açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, Nəsrullah Beyrutun cənub ətrafındakı qərargahına 80 ton bombanın atıldığı hücumda həlak olub.

İsrailin aparıcı qəzeti “Times of Israel”ə danışan yüksək səviyyəli bir İsrail rəsmisi “Hizbullahın qalası” olaraq xarakterizə edilən Dahiyəyə hücumların Livana qarşı quru əməliyyatının qarşısını almaq üçün edildiyini söyləyib.

Rəsmi, İsrail kəşfiyyatının İranın 2040-cı ilə qədər İsrail dövlətini məhv etmək planının təfərrüatlarını əldə etdiyini və Nəsrullahın bu planın mühüm bir hissəsi olduğunu iddia edib.

Ekspertlərin fikrincə, Nəsrullahın yerinə gələcək şəxs həm Livan Hizbullahı, həm də İran tərəfindən qəbul edilməlidir.

Hizbullah lideri Nəsrullahı əvəzləyəcək ən çox ehtimal edilən şəxs Seyid Haşim Seyfəddindir. Seyfəddin 32 il Hizbullaha rəhbərlik edən Nəsrullahın əmisi oğludur.

Hizbullahın siyasi işlərinə rəhbərlik edən və Cihad Şurasında olan Seyfəddin 2017-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən terrorçular siyahısına salınıb.

İsrail ordusu son bir neçə həftə ərzində həyata keçirilən hücumlarla Hizbullah komandanlığının "demək olar ki, tamamilə dağıldığını" iddia edir.

Vaşinqton İnstitutundan analitik Hanin Kaddar Amerikanın CNN telekanalına danışıb.

Kaddar Hizbullahın hələ də əlindəki  uzaq mənzilli raketlərdən istifadə etmədiyinə diqqət çəkib.

Hizbullahın verdiyi açıqlamada isə "Müharibəyə davam edəcəyik" deyilir.

Hizbullah Nəsrullahın ölümünü təsdiqlədikdən sonra bütün gözlər İranın reaksiyasındadır.

"Reuters" xəbər agentliyinin verdiyi məlumata görə, İran Nəsrullahın öldürülməsindən sonra “növbəti addımı” müəyyən etmək üçün Hizbullah və digər regional müttəfiqləri ilə daimi əlaqə saxlayır. 

Tehrandan məlumat alan iki bölgə rəsmisi İranın dini lideri Əli Xamneyinin ölkə daxilində yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü yerə köçürüldüyünü vurğulayıb.


Hizbullah liderinin ölümünün "intiqamsız qalmayacağını" bildirən Xamenei, "Nəsrullah fərd deyildi. O, bir yol və bir məktəb idi. Bu yol davam edəcək" deyə bildiribi.

İran parlamentinin milli təhlükəsizlik komissiyası təcili toplanıb.

CNN yazır ki, İran “ən yaxın müttəfiqi Hizbullahın vurduğu zərbə qarşısında öz variantlarını dəyərləndirir”.

HİZBULLAHIN LİDERİ NƏSRALLAH KİMDİR?

Livan Hizbullahının baş katibi Həsən Nəsrullah 1960-cı il avqustun 31-də Livanın paytaxtı Beyrutda anadan olub.

1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayanda 15 yaşı olan Nəsrullah ailəsi ilə birlikdə doğulduğu Sur şəhərinin əl-Bəzuriyə kəndinə qayıdıb və oradakı şiə Əməl Hərəkatına qoşulub.

O, 1982-ci ildə İsrail Livanı işğal etdikdən sonra Hizbullah təşkilatına qoşulub. Abbas Musəvi 1992-ci ildə İsrail tərəfindən öldürüldükdən sonra 1992-ci il fevralın 12-də Hizbullahın baş katibi seçilib.

Nəsrullah HƏMAS-ın oktyabrın 7-də başlatdığı "Əqsa tufanı əməliyyatı"nı dəstəklədiyini açıqlayıb və atəşkəs imzalanana qədər İsrailə hücumların davam edəcəyini dəfələrlə bildirib.