Türkiyədə qonşu dövlətlər razılaşdı
“3+3” platforması bölgəni savaş meydanına çevirmək istəyən beynəlxalq güclərin iştahasına soğan doğradı
"3+3" Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclası İstanbulda keçirildi. İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak ediblər. Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib ki, Cənubi Qafqazın problemlərini bölgə ölkələri özləri həll edə bilərlər: “İkinci Qarabağ müharibəsində atəşkəsi təmin edən 9 noyabr 2020-ci ildə sənədin imzalanmasından sonra yaradılan “3+3” platforması Cənubi Qafqazda baş verən proseslərin müzakirə edilməsi üçün zəmindir”. O, Cənubi Qafqazın problemlərini bölgə ölkələrinin özlərinin həll edə biləcəyinə inandığını qeyd edib. Nazir onu da əlavə edib ki, bu iclasın nəticələrinə dair ortaq bəyanat qəbul ediləcək. Fidan iclasda iştirak etməyən Gürcüstana təkrar qatılma çağırışı edib: “Bu mexanizmin yaradılması ideyası İkinci Qarabağ müharibəsində atəşkəsi təmin edən 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonrakı həftələrdə formalaşdı. Onun əsas məqsədi Cənubi Qafqazla sıx bağlı olan bütün məsələlərin müzakirə olunacağı platforma ehtiyacına cavab verməkdir. Platformanın adı 3+3 olsa da, təəssüf ki, zalda bir iştirakçımız çatışmır. Yaxın qonşumuz və dostumuz Gürcüstanın yeri daimidir və istədiyi vaxt bu platformaya qoşula bilər. Yaxın coğrafiyamızda yaşadığımız təlatümlü proseslər və müharibələr, İsrailin Yaxın Şərqdəki humanitar fəlakət və zülm silsiləsi regional səviyyədə dialoq və əməkdaşlığın vacibliyini bir daha ortaya qoyur. Cənubi Qafqaza baxışımızın təməlində də regional sahiblənmə anlayışı dayanır. Biz inanırıq ki, regional problemləri ən yaxşı o regionun dövlətləri bilir və onlar həll edə bilər. Əslində, bu baxışın təzahürü kimi toplantının sonunda görüşümüzün əsas yekunlarına dair birgə bəyannamənin qəbulunu gözləyirik”.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da deyib ki, regionda davamlı sülh üçün Ermənistan konstitusiyasına dəyişiklik etməlidir. Nazir qeyd edib ki, Azərbaycan region ölkələri ilə ümumi çağırışların qarşısının alınması üçün konsepsiya hazırlayıb: "Regionda davamlı sülh üçün Ermənistan Konstitusiyasına dəyişiklik etməlidir. Azərbaycan region ölkələri ilə təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, rabitə və ətraf mühit sahəsində ümumi çağırışların qarşısının alınması üçün konsepsiya hazırlayıb. Postmünaqişə dövrü kimi kritik məqamda regionda dayanıqlı və davamlı sülhün təmin olunması üçün artıq arxada qalmış münaqişənin nəticələrinin konstitusiya dəyişiklikləri yolu il aradan qaldırılması vacibdir".
C.Bayramov “3+3” formatının görüşünə ev sahibliyinə görə qardaş Türkiyə Respublikasına təşəkkür edib, mövcud çağırışlarla mübarizədə ölkəmizin regional əməkdaşlıq və bu kimi formatlar çərçivəsində məsləhətləşmələrə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri, o cümlədən ziddiyyətli hərbiləşdirmə ilə məşğul olmaqla, geosiyasi eskalasiya və bölücü xətləri regionumuza proyeksiya cəhdlərini artırması fonunda regional fəaliyyət və dialoqun daha da vacib olduğu vurğulanıb. Mövcud şəraitdə bölgə dövlətlərinin beynəlxalq hüququn prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama əsasında regionumuza sahib çıxmasının, bölgəmizin problemlərinin həll yollarını məhz region çərçivəsində axtarması, regional təhlükəsizliyimizi bölünməz anlayış olaraq qəbul etməsinin əhəmiyyəti qeyd olunub. Ölkəmizin müstəqilliyinin bərpa olunmasından bəri bölgə dövlətləri ilə qarşılıqlı hörmət, maraqlar balansı və legitim təhlükəsizlik narahatlıqları nəzərə alınmaqla qarşılıqlı faydalı əməkdaşlıq etdiyi, bunun nəticəsində Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəhlizi kimi bir sıra regional, o cümlədən qlobal əhəmiyyətli layihələrin həyata keçirildiyi bildirilib. Birgə layihələrimizin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi, xüsusilə İran ərazisindən keçərək Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına dair ümidvarlıq ifadə olunub. Keçmiş münaqişənin yekunlaşması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə regional əməkdaşlıq üçün açılan yeni imkanların fonunda Azərbaycanın Ermənistanla dayanıqlı sülh quruculuğu prosesinin davam etdirilməsi və irəlilədilməsinə dair qətiyyəti bir daha təsdiq olunub.
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanla Azərbaycana sülh müqaviləsi üzrə işləri yekunlaşdırmaq üçün “3+3” platforması təklif olunub. O qeyd edib ki, burada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması vacibdir, lakin bu proses də Bakı ilə İrəvan arasındakı prosesə bağlıdır. Lavrovun sözlərinə görə, Rusiya ilə İran bu istiqamətdə müsbət nəticələrə nail olmaq üçün əlindən gələni edəcək. Lavrov həmçinin Gürcüstanın da bu platformada gələcəkdə iştirak edəcəyinə ümid etdiyini əlavə edib. İran xarici işlər naziri Abbas Araqçı İstanbulda ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. Nazirlər "3+3" platforması üzrə XİN rəhbərlərinin iclası çərçivəsində görüşüb və fikir mübadiləsi aparıblar. Mirzoyan deyib ki, Azərbaycana dəmir yolu infrastrukturumuzu yenidən işə salmağı, sərhəd-keçid və gömrük prosedurlarını sadələşdirməyi, hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına tam hörmətlə yanaşaraq bəzi əlavə təhlükəsizlik mexanizmlərini təqdim etməyi təklif ediblər.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında deyib ki, "3+3" format çərçivəsində aparılan görüşlər regionun bütün iştirakçıları üçün önəmlidir. Ekspert vurğulayıb ki, bu format çərçivəsində keçirilən görüşlər məcburi xarakter daşımır:
"Görüşlər bölgə ölkələrinin ortaq istəkləri çərçivəsində reallaşır, regionla bağlı məsələlər, problemlər müzakirə olunur, bəyanatlar səsləndirilir. Tərəflər müxtəlif məsələlərlə bağlı öz mövqelərini ortaya qoyurlar və sonra bu mövqeləri uyğunlaşdırırlar. Nəticədə proseslərin gedişatı müəyyənləşir və hansı tədbirlərin görülməli olduğu aydınlaşır. O baxımdan belə təmaslar, müzakirələr aktualdır. Təbii ki, burada hansısa təşkilatlanmadan, qruplaşmadan söhbət getmir. Tərəflər könüllü surətdə müzakirələrə qatılır, regional problemləri gündəmə gətirir, həll yollarını təklif edirlər. Regiondan kənar coğrafiyada gedən qarşıdurmalar bizim bölgəyə təsirsiz ötüşmür. Cənubi Qafqazın gərgin və kritik bölgəyə çevrilməməsi üçün region dövlətlərinin mütəmadi görüşləri, əməkdaşlıqları zəruridir. Ola bilsin, tərəflər mövcud problemlərə, məsələlərə müxtəlif prizmadan yanaşırlar, fikir ayrılıqları yaşanır. Bu, başadüşüləndir. Məqsəd odur ki, fikir ayrılıqları son nəticədə mübahisələrə, münaqişələrə çevrilməsin. Hazırda gündəmdə olan məsələ bölgədə nəqliyyat layihələrinin həyata keçirilməsidir. Çünki nəqliyat məsələsi bütün region ölkələrinin iqtidadiyyatına, inkişafına töhfə verən əsas amildir".