Azərbaycanın bölgədə yeni reallıq yaratması bir çox dövlətləri ciddi narahat edib
"Qərbin bəzi dairələri sanki Azərbaycana qarşı qarayaxma kampaniyasında növbəyə durublar. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra xalqımız çətin sınaqlardan keçdi". Bunu Milli Məclisin dünənki iclasında deputat Fatma Yıldırım bildirib. Deputat deyib ki, Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu: “Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət sayəsində Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Xüsusilə 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya Azərbaycan xalqının birliyini, onun müstəqillik və ərazi bütövlüyünün toxunulmaz olduğunu sübut etdi. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən uzaqgörən və qətiyyətli siyasət tarixi ədaləti bərpa etməklə 30 illik işğala son qoydu, regionda yeni reallıq yarandı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası müstəqillik tariximizin ən mühüm hadisəsi, qızıl səhifəsidir. Bu gün xalqımız qazanılmış tarixi zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və qəhrəman şəhidlərimizə minnətdarlığını bildirir, Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolundan iftixar hissi keçirirlər”.
Deputat Elman Nəsirov qeyd edib ki, bugünkü dünya reallığında müstəqil siyasət həyata keçirmək çox qəliz məsələdir: "Bunu edən dövlətlər təzyiq altına düşür. Bu gün Azərbaycana qarşı bu təzyiqləri görürük. Bu gün biz ABŞ konqresmenlərinin, Avropa Parlamenti deputatlarının, Hollandiya deputatlarının çıxışlarının motivini də başa düşürük. ABŞ konqresmenlərinə üzümü tutub deyirəm ki, mənim də bir arzum var ki, ABŞ uşaq Hüquqları Haqqında Konvensiyanı ratifikasiya etsin. Dünyada yeganə ölkə ABŞ-dir ki, uşaqlar ömürlük həbs oluna bilər. Mənim bir arzum da var ki, ABŞ İqtisadi, Sosial, Mədəni Pakta da imza atsın. Ona da hələ imza atmayıb. Bu reallıqları yaddan çıxarmasınlar. Nəhayət, arzum budur ki, ABŞ ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmasın”.
Deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın müasir tarixində əlamətdar günlərdən biri 15 oktyabr 2003-cü il tarixinə təsadüf edir: “Prezident seçkilərindən sonra Azərbaycan yeni mərhələyə daxil oldu. Ölkəmiz müstəqil daxili və xarici siyasət həyata keçirdi, qısa müddətdə nəhəng enerji layihələrini reallaşdırdı, ölkənin sosial-iqtisadi inkişafı təmin olundu, sürətli ordu quruculuğuna başlanılıb. Azərbaycan bütün bu uğurlara güclü lider Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və qətiyyətli siyasəti və yüksək liderlik bacarığı nəticəsində nail olub. Bu gün məhz bu siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Bir neçə gündən sonra ölkəmiz COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bu gün Azərbaycana qarşı qərəzin, aparılan çirkin kampaniyanın səbəblərindən biri də məhz bu uğurlardır. Azərbaycanın bölgədə yeni reallıq yaratması, müstəqil siyasət həyata keçirməsi bir çox dövlətləri ciddi narahat edib. İndi Qərbin bəzi dairələri sanki Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq üçün növbəyə durublar. Müstəqil siyasətin qarşısını almağa çalışır, bölgəmizə sülhün gəlməsinə, Ermənistanla münasibətlərin normallaşmasına ciddi səylə mane olurlar. Azərbaycan hər zaman olduğu kimi, bütün məqsəd və hədəflərinə nail olacaq".