ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq -Politoloq

ABŞ Azərbaycandan Ermənistanla COP29-a kimi “Aralıq sülh" müqaviləsi bağlanmasını istəyir


  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və regional məsələlər, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərin artırılmasının əhəmiyyəti qeyd edilib. Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses, eləcə də sonuncu İstanbul görüşü barədə qarşı tərəfə məlumat verib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Görüşdə habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 
 
 Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ Azərbaycandan Ermənistanla COP29-a kimi “Aralıq sülh" müqaviləsi bağlanmasını istəyir. Ekspert vurğulayıb ki, ABŞ rəsmisi Azərbaycanla son günlər davam edən siyasi böhrana son qoymaq və Ermənistanla sülh müqaviləsinin COP29-a kimi imzalanması üçün Vaşinqtonun mesajını çatdırıb:
 "ABŞ Azərbaycanın Ermənistanla sülh müqaviləsinin razılaşdırılmış bəndlər üzrə imzalanmasında maraqlıdır. Prezident İlham Əliyev ABŞ rəsmisi ilə görüşündə Ermənistan Konstitusiyasının sülh müqaviləsində əsas əngəl olduğunu vurğulayıb. Ermənistan konstitusiyası və qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Həmçinin dövlət başçısı Karpenterə COP29-a kimi "Aralıq sülh" müqaviləsi olmayacağı mesajını verərək, nöqtəni qoymuş oldu. Yəni ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq. Vaşinqtonla Bakı arasında siyasi böhranın səbəbi Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqlarda Azərbaycanın qətiyyətli və prinsipial mövqeyindən irəli gəlir".