"Gülən Türkiyənin Xomeynisi ola bilərdi” - AÇIQLAMA

Belə bir güc təkcə Türkiyəyə yox, İslam coğrafiyasına, hətta türk dünyasına da nüfuz etmək imkanları yaradırdı

Gülənin ölümü FETÖ-nün yoxa çıxması demək deyil

“Bu qədər geniş şəbəkələşmiş, müxtəlif ölkələrin siyasi idarəçiliyinə qədər sızmış, milyardlarla dollar dövriyyəsi olan bir təşkilat geosiyasi proseslərdə rıçaq olaraq istifadə edilir”

  "Millətin övladlarına xidmət, xeyriyyəçilik adı ilə manipulyasiya edənlərin sonu iblislər kimi şərəfsiz ölüm oldu. O, şəhidlərin qanının hesabını vermədən dünyadan getdi". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri bildirib ki, baş xainin ölümüylə şəhid ailələrinin ürəyi bir az da soyuyar: "Türkiyəyə xəyanət edənlərin sonu görünür. Dövlət olaraq FETÖ tamamilə ləğv olunana qədər mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. İstər ölkədə, istərsə də dünyanın ən ucqar küncündə dövlətimizin bütün qurumları FETÖ-çüləri qarabaqara izləyəcək". Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı da FETÖ lideri Fətullah Gülənin ölümü barədə danışıb. Partiya sədri deyib ki, edilən xəyanətlər, pis əməllər heç kimin yanına qalmaz. FETÖ liderinə belə qalmadı: "Gülən casusluq təlimi aldığı ölkəsində Allaha hesab vermək üzərə öldü. Arzum budur ki, Allah tərəfindən cəzalandırılsın və münafiq əməllərə xidmətinin əvəzini bir-bir ödəsin, cəhənnəmdə əbədi yansın. Türkiyədə bu terrorçunun dəfn oluna biləcəyi torpaq yoxdur. Türkiyə ilə harda düşmənçilik edirdisə, orda çürüməlidir. Bəndənin hesabı varsa, Allahın da hesabı var. O hesabı Türkiyəni sevən ürəklər soracaq. Allah laqeyd qalmır, yalnız möhlət verir".
  Qeyd edək ki, FETÖ lideri Fətullah Gülənin ABŞ-də yerləşdirildiyi xəstəxanada ölümündən sonra təşkilatda liderlik mübarizəsi başlayıb. Təşkilatın 30 milyard dolları idarə etdiyi təxmin edilir. Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Gülənin oktyabrın 20-də öldüyü, lakin təşkilatda gedən qanlı pul davası səbəbilə xəbərin gizləndiyi öyrənilib. Gülənin həkimi də ölüm tarixini 20 oktyabr elan edib, lakin bu məlumat gizli saxlanılıb. “Uzun Cövdət” ləqəbli qara qutunun - Cevdet Türkyolunun təşkilata maddi yardımının kəsilməməsi səbəbi ilə Gülənə sağlam görünməsi üçün dərman verdiyi üzə çıxıb və əvvəllər çəkilmiş videoları yayımlanıb. Türkyolu həm Güləni, həm də təşkilatın pullarını özünəməxsus şəkildə idarə etmək üçün onu Pensilvaniyadakı fermadan qaçıraraq kürəkəninin evinə aparıb. Təşkilat daxilində məzarın bilinməməsi ilə bağlı da ümumi qərar var. Dəfn mərasiminin çox az sayda insanın iştirakı ilə keçirilməsi də planlaşdırılır.
  Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, Fətullah Gülənin ölümü FETÖ-nün yoxa çıxması, yaxud tamamilə zəifləməsi demək deyil. Ekspertin sözlərinə görə, bu qədər geniş şəbəkələşmiş, müxtəlif ölkələrin siyasi idarəçiliyinə qədər sızmış, milyardlarla dollar dövriyyəsi olan bir təşkilat geosiyasi proseslərdə rıçaq olaraq istifadə edilir: 

"FETÖ-nün ortaya çıxması prosesi və hədəflərinə nəzərə saldıqda bu aydın görünür. 1969-cu ildə Gülən camaatı fəaliyyətə başlayanda Türkiyədə artıq ilk hərbi çevriliş edilmiş (1960-cı ilin 27 may tarixi), “çevriliş ssenariləri”nin təməli atılmışdı. Fətullah Gülən Türkiyədə təşkilatlanma apardıqdan sonra müalicə adı ilə ABŞ-yə getdi və geri qayıtmadı. Pensilvaniyada mənzillənən Gülənin “uğur hekayəsi” də bundan sonra başlanır: Roma Papası səviyyəsində qəbul olunur, dünya dinlərarası dialoqunda önəmli şəxslərdən olur, siyasətə təsir imkanları böyüyür, dünyanın 160 ölkəsində təşkilatlanır, əlində yetərincə qədər maliyyə imkanları toplayır və s. FETÖ-nün qısa müddətdə bu qədər genişlənməsi və güclənməsi, Gülənin “dini lider” kimi məşhurlaşmasının ABŞ-nin birbaşa dəstəyi ilə mümkün olduğu istisna deyil. Məqsəd Türkiyədə təsir rıçaqlarının genişləndirilməsi idi. Lakin bir məqam xüsusilə maraqlıdır: Türkiyədə hərbi çevrilişlər etmək imkanı olan ABŞ nə üçün “dini lider” planına da yatırım edir, Gülən şəbəkəsini bəsləyirdi?! Bunun cavabını 100 il öncənin tarixində - Osmanlının dağılmasından sonrakı proseslərdə axtarmaq lazımdır. Cümhuriyyət qurulanda mövcudluğunu davam etdirə bilmək üçün imperiyanın mirasından imtina xətti tutuldu. Bura İslama yanaşma da daxil idi. 1960-cı ildə hərbi çevrilişin və Menderesi dar ağacına aparan səbəblər arasında da bunu tapmaq mümkündür. Menderes o dövrdə Türkiyədə ən çox mübahisə mövzusu olan “azanın ərəbcə, yoxsa türkcə” səsləndirilməsi məsələsində ərəbcəni dəstəkləmişdi. Bu, dini mövzu kimi görünsə də, o qədər bəsit deyildi, çünki Osmanlı imperiyasından sonra Türkiyənin İslam dünyası ilə istənilən əlaqəsi süngü ilə qarşılanırdı. Ərəbcə azan da bu körpülərdən biri idi. Hərçənd Türkiyəni İslamdan uzaqlaşdırmağın mümkün olmadığını görənlər bunun əksi üzərində də düşünürdülər. Türkiyə üçün Qərbin əlində olan “İslami güc” hazırlamaq, bu gücü iqtidara gətirmək".
  Analitik vurğulayıb ki, belə bir güc təkcə Türkiyəni yox, İslam coğrafiyasına, hətta türk dünyasına da nüfuz etmək imkanları yaradırdı: "Gülən Türkiyənin Xomeynisi ola bilərdi. 15 iyul çevriliş cəhdinin baş tutmaması bu planda ciddi itkilərlə nəticələndi. Lakin bu, nə FETÖ-nün yox olduğu, nə də onu yaradanların bundan imtina etdiyi demək deyil. Fəaliyyət mexanizmlərinə korrektlər edən qruplaşma hələ də fəaliyyət göstərir və son illər fəaliyyət göstərdikləri ölkələrin siyasi müxalifətinə daha çox diqqət ayırdığı haqda məlumatlar var. Çünki çevriliş cəhdindən sonra təkcə Türkiyədə yox, digər ölkələrdə də FETÖ-nün dövlət sektorundan təmizlənməsi prosesi aparıldı. Görünür, şəbəkə hakimiyyətin ələ keçirilməsi işində müxalifətdən də tramplin kimi istifadə etməyin nə qədər effektiv olduğunu yoxlamaq qərarına gəlib".