Paşinyanın monitorinq şərti Rusiyanı qətiyyən qane etmir
Oqtay Qasımov: “Qərbin mövqeyi odur ki, Zəngəzur dəhlizinə tam şəkildə Ermənistan özü nəzarət etsin”
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Berliner Zeitung” qəzetinə müsahibəsində Zəngəzur dəhlizindən də danışıb. O qeyd edib ki, rəsmi Bakı hələ də dəhlizin açılışına böyük önəm verir: “Azərbaycan bu məsələnin sülh sazişi çərçivəsindən kənara çıxarılmasına razılıq verməklə bizi gözü götürməyən bədxahlara bu məsələnin həll edilməmiş mahiyyətindən istifadə edərək Azərbaycanı ümumi irəliləyişə xələl gətirən tərəf kimi təqdim etməsinə səbəb verməmək istəyindən çıxış edib”.
Xatırladaq ki, Rusiya mediasından sonra Ermənistan KİV-lərində də Zəngəzur dəhlizi ilə bağlı müzakirələr getməkdədir. Ötən gün erməni politoloq Alen Gevondyan iddia edib ki, noyabr ayında Zəngəzur dəhlizi adlanan yolu açmağa çalışacaqlar. Ermənistan hakimiyyəti isə müqavimət resurslarının olmadığını əsas gətirəcək, bu prosesə etiraz etməyəcək. Onu da qeyd edək ki, Nikol Paşinyan illər boyu davam edən inadından sonra Rusiyanın dəhlizdə iştirakına "yaşıl işıq" yandırıb. Zəngəzur dəhlizi ətrafında cərəyan edən proseslərlə bağlı "Sherg.az"ın müsahibi politoloq Oqtay Qasımovdur. Suallarımızı cavablandıran analitik dəhlizin yaxın dönəmdə açılma ehtimalından danışıb...
- Oqtay bəy, Ermənistan hökumətinin Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı şərtlərini qəbul etdiyini iddia etmək olarmı?
- Paşinyan Rusiyanın dəhlizə nəzarətinə razılıq verməyib, sadəcə, monitorinq aparılmasının mümkünlüyündən danışıb. Söhbət rus sərhədçilərinin Zəngəzur dəhlizində monitorinq aparmasından gedir. Paşinyan uzun müddət 10 noyabr üçtərəfli bəyanatın 9-cu maddəsini inkar edib. Baş nazir əvvəllər ümumiyyətlə sözügedən bənddə dəhliz məsələsinin olmadığını söyləyirdi. Son günlər Ermənistana Rusiya tərəfindən təzyiqlər var. İrəvandan tələb olunur ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Əlbəttə, davamlı təzyiqlərin nəticəsiz qalması qeyri-mümkündür. Digər yandan Rusiya tərəfi dəhlizlə bağlı həm də İranla işləyir. İranın etirazlarını müəyyən qədər neytrallaşdırmaq məqsədilə səfərlər təşkil edir, ikitərəfli görüşlər keçirir. Rusiya Təhlükəsizlik Şurasının katibi S.Şoyqu İrana iki dəfə səfər edib və səfər çərçivəsində əsas müzakirə mövzusu Zəngəzur dəhlizi olub. Rusiyanın bu məsələni İranla razılaşdırma ehtimalı yüksəkdir. Bilirsiz ki, İran bu məsələni özünün "qırmızı xətti" adlandırırdı. Şübhəsiz, Türkiyə də dəhlizin açılmasında maraqlıdır. Türkiyə hökuməti gələn ildən Qarsı İğdırla bağlayacaq dəmiryolun tikintisinə başlayacağını deyib.
- Yəni Paşinyanın "monitorinq" ifadəsi Moskvanı qane etmir?
- Əlbəttə, baş nazirin monitorinq şərti Rusiyanı qətiyyən qane etmir, edə bilməz. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın açıqlamasında birmənalı qeyd olundu ki, dəhlizin açılması 10 noyabr üçtərəfli bəyanatının mövcud və razılaşdırılmış şərtlərinə uyğun şəkildə reallaşmalıdır. Yəni Rusiyanın dəhliz üzərində nəzarəti mütləq təşkil edilməlidir. Monitorinq isə tamam fərqi anlam daşıyır və nəzarət funksiyası ilə yaxından-uzaqdan əlaqəsi yoxdur.
- Ümumiyyətlə, Rusiyanın dəhlizlə bağlı müzakirələrdə aktivləşməsini, Tehran və İrəvana basqılarını necə şərh edərdiniz?
- Azərbaycan ağıllı gediş edərək Zəngəzur dəhlizi məsələsini sülh müzakirələrindən çıxartdı ki, spekulyasiyalara yol verilməsin və proses ləngiməsin. Hazırda bu məsələ ilə daha çox Rusiya, Ermənistan və digər siyasi aktorlar məşğul olurlar. Yəni Zəngəzur dəhlizinin müzakirəsi Ermənistanın və bu məsələdə fikir ayrılıqları yaşayan dövlətlərin üzərinə atıldı. Bu da doğru seçimdir. Əlbəttə, Zəngəzur dəhlizi açılacaq. Amma yaxın dönəmdə açılması problem kimi görünür. Ən azından siyasi qərar veriləndən, dəmiryolları, paralel olaraq avtomobil yolları tikiləndən, relyef problemləri aradan qaldırıldıqdan sonra təxminən 2 il ərzində işlər davam etməlidir. Yəni siyasi qərar olarsa və işlərə başlanılarsa, təqribən 2027-ci ildə dəhliz istifadəyə verilə bilər. Amma bu məsələ daha çox geopolitik vəziyyətdən, o cümlədən Rusiya və Qərbin bu məsələyə yanaşmasından asılı olacaq. Kimin mövqeləri daha üstün gələcəksə, proses o yöndə irəliləyəcək.
- ABŞ və Avropa ölkələrinin Zəngəzur dəhlizinə münasibəti necədir? Qərb dəhlizin işə düşməsində maraqlıdırmı?
- Qərbin mövqeyi odur ki, Zəngəzur dəhlizinə tam şəkildə Ermənistan özü nəzarət etsin. Həm də bu dəhlizin Ermənistanın şərtləri ilə açılmasını istəyirlər. Ötən ilin noyabr ayında ABŞ Dövlət katibinin müavini Ceyms Obrayn Amerikanın mövqeyi açıq ortaya qoymuşdu. O baxımdan dəhliz ətrafında ciddi rəqabətin gedəcəyi məlumdur. Qərb birmənalı istəmir ki, dəhlizə nəzarət Rusiyanın əlində olsun. Moskva isə bu məsələdə çox maraqlıdır. Çünki Zəngəzur dəhlizinə nəzarət etmək Orta Dəhlizin mühüm hissəsinə nəzarət anlamına gəlir. Kreml bunu əldən vermək istəmir. Dəhlizə nəzarət siyasi-strateji baxımdan Rusiyaya fayda verməklə yanaşı, həmçinin Yaxın və Orta Şərqə, Türkiyəyə açılan qapı deməkdir.