ABŞ Bakının şərtlərini Ermənistana çatdırdı - ŞƏRH

Böyük ehtimalla İrəvan Bakının tələbləri qarşısında Vaşinqtonun təlimatları əsasında geri çəkilməyə məcbur qalacaq

  Məlum olduğu kimi, ABŞ lideri Co Bayden Azərbaycan Prezidentinə məktub göndərib. Bayden məktubda sülhün imzalanması ilə bağlı atılan addımları dəstəklədiyini bildirib. ABŞ prezidenti eyni zamanda Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə dəstək verməyə hazır olduqlarını da diqqətə çatdırıb.
  Millət vəkili Sahib Aliyev "Sherg.az"a deyib ki, Qərbdəki bəlli çevrələr qarşılarında necə bir səddin çəkilməyə başlandığını anlayırlar. Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə ABŞ-nin dövlət başçısı Cozef Baydenin məktubundan da bu açıq-aydın görünür:

"Həmin məktubdakı "əsrlər boyu davam edən münaqişə" deyiləndə görəsən nə nəzərdə tutulur? Ölkəsinin 19-cu əsrin 30-cu illərində Osmanlıya protestant missionerlərinin göndərilməsilə fitilləndirdiyi qarşıdurmamı? Əgər söhbət Azərbaycanla Ermənistan arasındakı münaqişədən gedirsə, onun nə vaxt meydana çıxdığı və İkinci Qarabağ savaşınadək niyə həllini tapmadığı Ağ Evdəkilər üçün sirr olmamalıdır. Eyni zamanda ən azından ortada 2009-cu ildə Barak Obamanın təkidli dəvətinin necə rədd edildiyi təcrübəsi varkən, cənab İlham Əliyevin heç bir vəchlə bizim milli maraqlarımıza cavab verməyən addımı atmayacağı da öncədən bəlli ola-ola bu məktub və BRICS sammiti öncəsi Maykl Karpenterin Bakıya göndərilməsi nə üçün idi? Ermənistana onu revanşizmə həvəsləndirən növbəti hərtərəfli dəstəyə, bizə qarşı aparacaqları hay alətli informasiya savaşına haqq qazandırmaq üçünmü? Əgər onlar dedikləri kimi doğrudan da regionda davamlı və ləyaqətli sülh istəyirlərsə, onda buna mane olan səbəbin aradan qaldırılması üçün Ermənistana ən azından çağırış etməlidirlər ki, konstitusiyanı dəyiş! Qarabağı özləri tərk edən hayların geri qayıtmaları məsələsini qaldırarkən Ermənistandan deportasiya olunan azərbaycanlıların da belə bir haqlarının olduğunu unutmamalıdırlar".
  Siyasi icmalçı Aqşin Kərimov da "Sherg.az"a deyib ki, ABŞ-nin Azərbaycan-Ermənistan gündəmi üzrə fəallaşması Vaşinqtonun Cənubi Qafqaz üzrə perspektiv strategiyasında açar proseslər əldə etməsinə hədəflənib. Ekspert vurğulayıb ki, ABŞ Cənubi Qafqazdakı Zəngəzur dəhlizi layihəsini oxunu Ağ Evin Mərkəzi Asiya siyasəti ilə vahid geosiyasi məkan kontekstində inkişaf etdirmək planını açıqlayır:

 "ABŞ-nin “3+3” formatında keçirilən axırıncı görüş kontekstinin məntiqi davamında nəticə əldə etmək üçün “Bakı proqramını” qabardır. Vaşinqton bunun üçün Rusiya təsirlərini zəiflətməyi düşünsə də, nəticədə Azərbaycan-Ermənistan sülh danışıqları üzrə Vaşinqton-Moskva trafikində canlanmanın olmasının tərəfdarıdır. Moskvanın da bir gözü Ağ Evlə əməkdaşlıq və müzakirələrin davam etməsinə zillənib və Kreml bunu ən çox Ukraynadan güzəşt qoparmaq üçün istifadəyə çalışır. ABŞ Gürcüstandakı seçki nəticələrinə uyğun şəkildə regionda strategiya izləməyi üstün tutur və bu məsələdə Azərbaycanla maraqların tutuşdurulmasını məqsədəuyğun variant hesab edir. Baydenin dövlət başçısı İlham Əliyevə məktubunda Bakı-İrəvan razılaşmalarının sülh sazişi şəklində imzalanmasına çağırış edilməsi böyük ehtimalla Azərbaycana müqayisəli dərəcədə əmin etmək mənasını ehtiva edir. ABŞ proseslərə həm də onun Yaxın Şərqdə, Ukraynada ipin üstündə ola biləcəyi ehtimalları fonunda yanaşaraq geniş xarici siyasət yürüdür. ABŞ üçün indi müharibələri, münaqişələri öz istədiyi formada həll etmək və ya dondurmaq həyati əhəmiyyət daşıyır. Çünki ABŞ-nin əsasən də, Yaxın Şərqdə əvvəlki tək tələb qoymaq və ona nail olmaq qabiliyyətləri kəskin şəkildə azalma təhlükəsi ilə üzləşib. Buna görə də, ABŞ kompensasiyaedici bir manevr qazanmaq üçün Cənubi Qafqaz teatrında Azərbaycan-Ermənistan münasibətləri üzrə “rəsmi atəşkəs” əldə etmək üçün təsvirlər yaradır".
  Ekspertə görə, ABŞ COP29 tədbirini Cənubi Qafqazda təhlükəsizlik və sülh üçün tədbirlərin açarı kimi təqdim edir: "ABŞ əslində, bununla əsl niyyət və məqsədlərini fərqli bir şəkildə ifadə edir. Yəni Azərbaycana qarşı fəallaşmış qüvvələrin səsini almaq üçün prosesə sülh, təhlükəsizliyin açarı kimi təsvir verir. Azərbaycanla əlaqələrin gələcəyini özünün regional maraqları üçün vacib sayır. Eyni zamanda Vaşinqton prezident seçkiləri ərəfəsində ABŞ-dəki erməni maraqlarının təmsilçiliyini rahatlaşdırmağı planlaşdırır. Çünki ABŞ paralel xətlərlə həm COP29, həm də erməni icmasının maraqlarını güdən oxu təmsil etməyə çalışır. Azərbaycanın ABŞ-nin istəkləri çərçivəsində Ermənistanla sülh sazişinə tələsməyəcəyi aydındır. ABŞ dövlət başçısı İlham Əliyevlə keçirdiyi görüşün nəticələrini Ermənistanla müzakirə edəcək və yüksək ehtimalla İrəvan Bakının tələbləri qarşısında Vaşinqtonun təlimatları əsasında geri çəkilməyə məcbur qalacaq. Bu, sülh sazişinin imzalanması ilə yekunlaşmasa da, sülh üçün lazım olan alternativ bir sənədin ortaya çıxmasını şərtləndirə bilər".