Azərbaycan və Türkiyə birliyin iqtisadi əlaqələrindən yararlana bilər
Oktyabrın 22-24-də Kazanda Rusiyanın sədrliyi ilə “Bərabər qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” devizi altında 16-cı BRICS sammiti keçiriləcək. Rusiya prezidenti sammitdə iştirak edən demək olar ki, bütün liderlərlə ikitərəfli görüşlər keçirəcək. Xatırladaq ki, tədbirdə azı 26 dövlətin başçısı da daxil olmaqla ümumilikdə 33 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir. Tatarıstanın paytaxtına gəlməyə razılıq verən liderlər sırasında Hindistanın Baş naziri Narendra Modi, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa, Çin Xalq Respublikasının sədri Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Ermənistanın Baş naziri Nikol Paşinyan və başqaları da var. Ekspertlər hesab edirlər ki, oktyabrın 22-də Rusiyanın Kazan şəhərində işə başlayan BRICS sammiti çoxqütblü dünyanın yeni mərhələsinin başlanğıcı olacaq. Sammit fonunda bir sıra region ölkələrinin BRICS-ə üzv olmaq məsələsi də gündəmə gətirilib. Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev deyib ki, BRICS ilə əməkdaşlığın gücləndirilməsi Azərbaycanın fundamental milli maraqlarına cavab verir. Diplomatın sözlərinə görə, Azərbaycanın siyasəti BRICS-in ideologiyasına, habelə çoxqütblülük prinsiplərinin dəstəklənməsi, inkişaf etməkdə olan ölkələrin dünya siyasətində və iqtisadiyyatında rolunun artırılması praktikasına ahəngdar şəkildə uyğun gəlir. Türkiyənin xarici işlər naziri Hakan Fidan da deyib ki, Türkiyə bu il ərzində BRICS-ə üzv olmaq niyyətindədir. O bildirib ki, bu məsələ quruma üzv dövlətlərin xarici işlər nazirlərinin Rusiyanın Nijni-Novqorod şəhərindəki görüşündə müzakirə olunacaq. Hakan Fidan həmçinin BRICS ölkələrindən olan həmkarlarının Rusiyada keçiriləcək görüşündə iştirak etmək niyyətini açıqlayıb. Ermənistan isə belə bir niyyətinin olmadığını açıqlayıb. Qeyd edək ki, Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, İran, Misir və Efiopiyanın da daxil olduğu BRICS 2009-cu ilin iyununda Rusiya, Braziliya, Hindistan və Çin tərəfindən təsis olunub.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Azərbaycan və Türkiyənin BRICS-ə üzvlük məsələsinə hər iki ölkənin vahid mövqedən çıxış etməsi kontekstindən yanaşmaq lazımdır. Ekspert vurğulayıb ki, Türkiyənin BRICS-ə üzv olmaq istəyi mübahisəlidir:
"Türkiyənin BRICS-ə üzvlük istəyinə Avropa Birliyinə üzvlük məsələsinin alternativi, daha doğrusu, AB-yə təzyiq kimi baxılmalıdır. Əgər AB Türkiyənin üzvlük məsələsinə "yaşıl işıq" yandırsa, Türkiyə BRICS-ə üzvlük təşəbbüsündən həmin an imtina edər. Bu durumda Azərbaycanın BRICS-ə üzvlüyü də şübhə altına düşər. Rusiyanın Azərbaycanı Avrasiya İqtisadi Birliyinə, yəni MDB ölkələrinin bir neçəsi ilə yaratdığı imperiya maraqları güdülən birliyinə daxil etmək istədiyi bir şəraitdə Bakının BRICS-lə bağlı müsbət reaksiyası bu təzyiqlərdən kənarlaşaraq daha böyük oynamaq cəhdidir. Əslində, Azərbaycanın BRICS-dən gözləntiləri bir o qədər də çox deyil. Məsələ sadəcə beynəlxalq konyukturdan çıxış edərək vəziyyəti nəzarətdə saxlamaq cəhdidir. Amma Azərbaycan və Türkiyənin BRICS üzvlüyü heç də olmayacaq iş deyil. İki qardaş ölkə bu birliyə üzv olarsa, ondan yaralanması mümkündür. Xüsusən də, BRICS-in siyasi və hərbi yönləri hələlik yoxdur. Birlik üzvlərinin arasındakı iqtisadi əlaqələrdən bəhrələnmək olar, hətta onlar arasındakı rəqabətdən də. Məsələn, Çin və Hindistandan..".