İsrail İrana hücum edərsə, enerji qiymətləri bahalaşar

Hətta neftin qiymətinin 200 dolları ötməsi mümkün ehtimallardandır

  Yaxın Şərqdə vəziyyət sürətlə gərginləşir. Bu da enerji qiymətləri sahəsində mühüm dəyişikliklərə gətirib çıxarmaq iqtidarındadır.
 İsrail və İran arasında münaqişə daha da gərginləşərsə, dünya iqtisadiyyatı “neft şoku” ilə üzləşə bilər. Lakin vəziyyətin hələ o dərəcədə pisləşmədiyini vurğulayan ekspertlər hesab edir ki, tammiqyaslı İsrail-İran müharibəsi beynəlxalq enerji təchizatını tərsə sala və dünya iqtisadiyyatına sarsıdıcı dalğalar göndərə bilər.
"İsrail İrana hücum edərsə, dünya iqtisadiyyatında nələr baş verə bilər" sualına cavab olaraq iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, dünya enerji qiymətlərində ciddi artımlar olar, hətta neftin qiymətinin 200 dolları ötməsi mümkün ehtimallardandır

“Bu isə enerji bazarında qeyri-sabitlik yaradaraq digər sahələrdə də ciddi fəsadlar yarada bilər. Regional xarici investisiyaların kəskin azalmasına, bu isə infrastruktur layihələrinin dayandırılmasına səbəb olar. Münaqişə dəhliz infrastrukturlarının və təchizat zəncirinin tamlığını sıradan çıxarar. Logistik xərcləri artırar. İstehsal xərclərini kəskin artırar. Bütün bunlar isə qlobal səviyyədə inflyasiyanı cilovlamaq cəhdlərini səmərəsiz hala gətirər. Proqnoz edilməyən qiymət sıçrayışları baş verə bilər. Bu isə qlobal maliyyə bazarlarına təsirsiz ötüşməz və nəticədə iqtisadi gərginlik artar. Bu isə sosial gərginliyi pik həddə çatdırar. Bu zaman bir tərəfdən də idarəolunmaz miqrasiya problemləri vüsət alar.
Nəticədə, yaxın və orta şərqdə idarə olunan xaos, idarəolunmaz formaya keçə bilər. Buna görə də İsrailin İrana hücum etməsinə ABŞ-nin imkan verməyəcəyini düşünürəm”.