Ermənistanın bu qədər tərəddüd etməsinin səbəbi də elə məhz Azərbaycandan gözləntiləridir
İrəvanın Bakıda keçiriləcək COP29-da iştirakla bağlı hələlik bir qərarı yoxdur.
Bu barədə jurnalistlərə parlamentin spikeri Alen Simonyan məlumat verib.
Erməni spiker bildirib ki, Ermənistanın burada niyə iştirak etməli olduğunu, tədbirin ölkəyə nə verəcəyini və hansı səviyyədə təmsil olunacağımızı müzakirə etmək lazımdır. Müzakirə edəcəyik, bunun dövlətimizə lazım olub-olmadığını anlayacağıq, uyğun olmasa, getməyəcəyik.
Maraqlıdır, Paşinyan niyə bu məsələ ilə bağlı konkret qərar vermək istəmir?
Əslində, Ermənistan tərəfinin Azərbaycanın COP29-a dəvətini qəbul edib-etməməsi bizim üçün elə də əhəmiyyət kəsb etmir. Hər halda ev sahibi olaraq biz bütün ölkələrə bu istiqamətdə müvafiq dəvətlərimizi göndərmişik. Ermənistan tərəfi isə dəvəti qəbul edib Azərbaycanla münasibətlərin normallaşması istiqamətində addım atmağa səylər göstərməklə səmimi olduğunu ortaya qoyacaq, ya da dəvəti qəbul etməyərək, növbəti dəfə Ermənistanda tək-tək ictimai rəydə deyil, hakim komandanın özündə də hansısa revanşist hisslərin qaldığını ortaya qoyacaq.
Araşdırmaçı-jurnalist Asəf Quliyev isə hesab edir ki, Paşinyanın COP29 tədbirində iştirakı gözlənilən variantlardandır:
“Bu, Ermənistanın COP29-a ev sahibliyi üçün namizədliyini Azərbaycanın xeyrinə geri götürməsi siyasətinin də məntiqi davamı ola bilər. Paşinyanın özünün də Bakıya gəlmək istədiyi istisna edilməməlidir. Son dövrlər Ermənistan tərəfindən verilən bəyanatlar da onu göstərir ki, Ermənistan COP29 üçün Bakıya nümayəndə göndərmək fikrindədir. Amma hansı səviyyədə iştirak edəcək, tədbir üçün Bakıya kim gələcək, bu artıq sual doğurur. Şəxsi qənaətimcə, Baş nazir Nikol Paşinyanın iştirak etməsi daha arzuolunandır. Mənə elə gəlir ki, Paşinyan özü də Bakıya gəlmək istəyir, amma bunun qarşılığında rəsmi Bakıdan nə istəyir, nə umur? Bax, bu sual maraq doğurur. Fikrimcə, Ermənistanın bu qədər tərəddüd etməsinin səbəbi də elə məhz Azərbaycandan gözləntiləridir”.