Aİ və onun parlament qanadı Cənubi Qafqazda gərginliyi artırmaq yox, sülh və sabitliyə töhfə vermək haqda düşünməlidir
Xristian təəssübkeşliyi bizi yolumuzdan döndərə bilməz
Avropa Parlamentinin birdən-birə fəallaşması və Ermənistana havadarlıq etməyə cəhd göstərməsi, həqiqətən də, əsl siyasi riyakarlıqdır
Avropa Parlamentinin Avrozonaya (Avropa İttifaqına) daxil olan ölkələrdə araşdırmalı və münasibət bildirməli olduğu saysız-hesabsız qlobal və lokal xarakterli problemlər varkən növbəti dəfə Azərbaycanı hədəfə alması və məhz bizim ölkəmizlə bağlı ayrıca toplantı keçirməsi həm absurddur, həm də müasir səlibçiliyin bir təzahür formasıdır. Oktyabrın 22-də Avropa Parlamentində “Azərbaycandakı vəziyyət, insan haqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” mövzusunda müzakirələrin təşkil edilməsi Avropa Parlamentinin ənənəvi ermənipərəstliyinə sadiq qaldığını göstərir.
Eyni zamanda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyası ərəfəsində Brüsseldə avroparlamentarilərin erməni lobbisinin “dəyirman”ına su tökən belə bir təxribat xarakterli müzakirələr keçirməsi Azərbaycana qarşı hibrid savaşın təzahür formalarından biridir. Avopa Parlamenti “Yaşıl dünya naminə həmrəy olaq!" şüarı altında keçiriləcək COP29-a hazırlaşan Azərbaycana beynəlxalq səviyyədə dəstək vermək və iqlim dəyişikliklərinə səbəb olan Fransa, Almaniya, Norveç və s. kimi ölkələrin törətdikləri sənaye-ekoloji fəsadların aradan qaldırılması üçün COP29 çərçivəsində qlobal təşəbbüslərə qoşulmaq əvəzinə, erməni lobbisinə “vəkil”lik etməyi özləri üçün kredo seçmiş avropalı millət vəkilləri Azərbaycana qarşı təzyiq nümayiş etdirmək yolunu tutublar.
Politoloq Əlisahib Hüseynov deyib ki, Avropa Parlamentində təşkil olunan sözügedən müzakirələr zamanı ölkəmizlə bağlı səsləndirilən qərəzli fikirlər ilk növbədə Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərinə zərbə vurur. Onun sözlərinə görə, 30 il davam edən torpaqlarımızın işğalı zamanı daim seyrçi və neytral mövqedə qalan və Ermənistanın işğalçı siyasətini qınamaqdan çəkinən Avropa Parlamentinin birdən-birə fəallaşması və Ermənistana havadarlıq etməyə cəhd göstərməsi, həqiqətən də, əsl siyasi riyakarlıq və xristian təəssübkeşliyi nümunəsidir:
"Avropa İttifaqının və onun qanunvericilik orqanı olan Avropa Parlamentinin bu cür ədalətsiz mövqeyini bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev də Belçikanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən pisləmişdi. Prezidentin Avropa İttifaqına ünvanlanmış iradı haqlı iraddır. Bəli, Avropa İttifaqı Fransanın yolu ilə getməməli və özünü rəsmi Parisin ermənipərəst siyasətinin girovuna çevirməməlidir. Avropa İttifaqı bu birliyin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel və Avropa Parlamentində müzakirələr zamanı Azərbaycan əleyhinə əsassız və qərəzli bəyanat səsləndirən Aİ-nin İş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmit kimi şəxslərin ölkəmizə qarşı siyasi təxribatlarını dayandırmaq üçün hərəkətə keçməlidir. Bu adamlar Azərbaycan-Avropa münasibətlərini korlamaqla məşğuldurlar. Avropa İttifaqı və onun parlament qanadı Cənubi Qafqazda gərginliyi artırmaq yox, sülh və sabitliyə töhfə vermək haqda düşünməlidir. Ölkəmizə qarşı aparılan çirkin qarayaxma kampaniyası onsuz da Avropa Parlamentinə heç nə qazandırmayacaq. Azərbaycanın daxili işlərinə yersiz müdaxilə etməklə Avropa Parlamenti erməni lobbisinin sifarişini yerinə yetirir və onun siyasi “oyuncağ”ına çevrilir".