Seçim gürcü xalqının özünə aiddir
“Rusiyanın özü də çalışır ki, seçkilərə bu və ya digər şəkildə müdaxilə etsin”
Oktyabrın 26-da qonşu Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçkiöncəsi ab-havadan, ölkədəki gərgin mühitdən belə anlaşılır ki, qərb dairələri ölkədəki vəziyyəti qarışdırmaqda maraqlıdır.
Ermənistanın ardınca yenidən Gürcüstanı nəzarətinə almaq istəyən qərblilərin dirənişi bir daha təsdiq edir ki, Azərbaycanın yürütdüyü milli maraqlara söykənən müstəqil diplomatik siyasət kursunun alternativi yoxdur. Beynəlxalq siyasətdə “Azərbaycan modeli” daxili sabitliyin təminatçısı rolunda çıxış etməklə yanaşı, uğurlu inkişafın da zəmanətidir.
Gürcüstan isə hazırda ciddi seçim qarşısındadır. Ya bu ölkə qərbi öz suverenliyinə hörmətlə yanaşmağa məcbur edəcək, ya da qərbin iradəsi qarşısında boyun əyəcək.
Gürcüstan müxalifətinin keçirdiyi aksiyalarda iştirak səviyyəsinin aşağı olması, yerli əhalinin müxalifətə dəstək göstərməməsi də təsdiq edir ki, Gürcüstan seçiciləri mövcud iqtidarın həyata keçirdiyi islahatları və müstəqil xarici siyasət kursunu dəstəkləyir. Qərbi isə seçkilərin nəticələri deyil, Gürcüstanın Rusiyaya münasibətdə tutacağı mövqe maraqlandırır.
Gürcüstandakı prosesləri “Sherg.az"a şərh edən Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib ki, qərb Ukraynada uğurlu alınmayan siyasətlərini Gürcüstanda da həyata keçirmək istəyir:
“Gürcüstan lideri Bidzina İvanişvili verdiyi açıqlamasında belə bir fakta toxundu ki, elə Qərbin özü də İrakli Qaribaşvili baş nazir olan zaman ona Rusiyaya qarşı vuruşmaq təklifi edib. Hətta Qaribaşvili 3-4 gün vuruşa biləcəklərini qeyd etdikdən sonra İvanişvili gedişatda partizan hərəkatına keçmələri ilə bağlı göstəriş verib.
Yəni qərb Gürcüstanda öz nüfuzunu qaldırmaq üçün ölkədə Ukraynadakı kimi bir insident yaratmağa çalışır. Qərbin Ukrayna ilə bağlı planları baş tutmadığı üçün eyni ssenarini Moldova, Ermənistan və Gürcüstan kimi ölkələrdə həyata keçirməyə çalışır. Lakin gürcü xalqı öz seçimini müxalifətdən yana etmədiyi təqdirdə Qərbin qarşıdurma yolu ilə hansısa bir nailiyyət əldə edəcəyini güman etmirəm. Gürcü xalqının isə onların milli maraqlarına cavab verən, Qərbdən asılı olmayan, müstəqil bir namizədi seçəcəklərinə əminəm”.
Gürcüstanda keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin əvvəlkilərdən fərqli olaraq, tam proporsional seçki sistemi şəklində baş tutacağını vurğulayan deputat qeyd edib ki, hər bir partiya parlamentdə 150 yeri tuta bilər. Parlamentə keçmək üçün 5 faizlik baryeri aşmaq lazımdır. Və siyahılar vasitəsilə deputatlar parlamentdə yerlərini tutacaqlar: “Hazırda bir neçə partiya arasında rəqabət gedir ki, bunlardan əsası Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” Partiyasıdır. Bu partiyanın müsbət cəhətləri hakim partiya kimi maliyyə-administrativ resurslarına malik olması, hökumətin nəzarətində olmasıdır. Zəif cəhəti isə təbii ki, Qərb əleyhinə olan bir sıra qanunların qəbul olunması, diversifikasiyalı xarici siyasətin həyata keçirilməsi, son zamanlar guya Moskvayönümlü olması barədə antitəbliğatın aparılmasıdır. Vaxtilə Mixeil Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Birlik Hərəkat Partiyası da seçkilərdə iddia ilə çıxış edir, 2003-dən 2012-yə qədər iqtidarda olan bu partiyanın güclü tərəfi keçmiş iqtidar partiyası olması, zəif tərəfi isə tam bir vahid proqramın olmamasıdır. Yeni lider axtarışındadırlar ki, bu da çox çətindir.
Ümumiyyətlə, parlamentə düşməyə iddialı həm milli dəyərlərə söykənən, həm də qərbyönümlü olan partiyalar həddən artıq çoxdur. Yəni bu gün hər bir partiya təbii ki, Gürcüstanın ərazi bütövlüyünü düşünür, ən mühüm məsələ bu gün budur. Qərbin, Avropanın, Rusiyanın təsirindən asılı olmayaraq bu gün hər bir partiya üçün əsas məsələ Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsidir. Qərb öz təsirindən istifadə etməyə çalışır. Rusiyanın özü də çalışır ki, seçkilərə bu və ya digər şəkildə müdaxilə etsin. Lakin sonda seçim gürcü xalqının özünə aiddir”.
A.Nağıyevin sözlərinə görə, bu gün ABŞ-nin, Qərbin apardığı siyasət təkcə Gürcüstana bağlı deyil. Bu qüvvələr Cənubi Qafqazda nüfuz sahibi olmağa çalışırlar ki, buna görə də dövlətlərdən, seçkilərdən istifadə etməyə çalışırlar. Bu siyasətin Ermənistanda müəyyən qədər özünü doğrultduğunu vurğulayan deputat bunun səbəbini Ermənistanın müstəqil daxili, xarici siyasətinin olmaması ilə əlaqələndirib: “Bu dövlət diktə ilə hərəkət edir. Gürcüstana da təzyiq etməyə çalışırlar ki, onun vasitəsilə Cənubi Qafqazda nüfuz sahibi olsunlar. Çünki Gürcüstan stareji əhəmiyyətli dövlətdir, limanların, beynəlxalq səviyyəli kəmərlərin, makrolayihələrin Gürcüstan vasitəsilə həyata keçirilməsi çox mühüm məsələdir. Kənar qüvvələr bu prosesdə bir mövqe tutub təsir qüvvələrini artırmağa çalışırlar”.