Cənubi Qafqazın açarı: Azərbaycan dünya güclərinin diqqət mərkəzindədir

Cənubi Qafqazın lider dövləti Azərbaycan, multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiya siyasəti həyata keçirir.
Azərbaycan beynəlxalq əməkdaşlığı, sülhü və inkişafı təşviq edən, eyni zamanda qlobal problemlərin (məsələn, iqlim dəyişikliyi, ticarət, təhlükəsizlik) daha effektiv həllini təmin etməyə mühüm töhfələr verən dövlət kimi tanınır. Ölkəmizin yürütdüyü siyasət, ayrı-ayrı təşkilatlar çərçivəsində ortaya qoyduğu mövqe bunun isbatıdır.
120-dən artıq dövləti özündə birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dönəmdə bunu əməli şəkildə ortaya qoyub. Azərbaycan Qoşulmama Hərəkatının 2019-cu ildən etibarən sədri olaraq, hərəkatın məqsədlərini və prinsiplərini gücləndirməkdə mühüm rol oynadı. Sədrlik dövründə bir sıra mühüm təşəbbüslərlə Qoşulmama Hərəkatının daha aktiv fəaliyyətinə nail oldu. Müxtəlif beynəlxalq məsələlərdə, o cümlədən iqlim dəyişikliyi, qlobal sağlamlıq, təhlükəsizlik və iqtisadi inkişaf sahələrində dialoqu genişləndirmək üçün şoxsaylı tədbirlər keçirdi, üzv ölkələr arasında iqtisadi əməkdaşlığı artırmaq, qlobal iqtisadi vəziyyət və COVID-19 pandemiyasının yaratdığı çağırışlara cavab vermək üçün üzv ölkələrin birgə fəaliyyətini təşviq etdi və başqa bir sıra mühüm təşəbbüsləri gerçəkləşdirdi.
Qoşulmama Hərəkatında uğurlu sədrlikdən sonra, Azərbaycan bu təşkilatda yenə də olduqca aktiv və səmərəli fəaliyyət göstərir. Qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulan, dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdıran Azərbaycan Qlobal Cənub və Qlobal Şimal ilə uğurlu dialoq aparır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi multilateralizm prinsipi ilə addımlar atdığını, çoxtərəfli diplomatiyanı reallaşdırdığını əyani şəkildə təsdiq edir.
Bütün bunlara paralel olaraq BRİCS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir. 
BRİCS bir yandan iqtisadiyyatını diversifikasiya etmək və yeni bazarlara çıxmaq üçün aktiv iş aparan Azərbaycan üçün potensial ticarət və investisiya imkanları deməkdir, digər yandan isə ölkəmizə regional və beynəlxalq məsələlərdə yeni tribuna qazandırır və inkişaf etməkdə olan ölkələrlə siyasi əlaqələrini gücləndirmək imkanı yaradır. Bura Azərbaycanın BRİCS ölkələri ilə enerji sahəsində əməkdaşlığının daha da dərinləşməsi fürsətini və s. əlavə etmək olar.
Bütün hallarda BRİCS-lə əlaqələr Azərbaycanın beynəlxalq səhnədəki rolunu gücləndirmək və qlobal iqtisadiyyatda daha geniş iştirakını təmin etməyə xidmət göstərəcək.
Qeyd edək ki, BRICS üzvü olan ölkələrin dövlət başçıları COP29-un Bakıda keçirilməsini dəstəklədiklərini bildiriblər.
Kazanda keçirilən  BRICS sammitinin Yekun Bəyannaməsində COP29-un Bakıda uğurla keçirilməsinə sadiqlik ifadə olunub.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov da “Sherg.az”a açıqlamasında deyib ki,  Azərbaycan yerləşdiyi bölgədə müstəqil və eyni zamanda balanslaşdırılmış siyasət yürüdür:

 “Öz müstəqilliyinə hörmətlə yanaşan və onu maksimum qorumağa çalışan hər bir dövlət, məhz belə davranmalıdı. Lakin müstəqilliyimizin ilk günlərindən Azərbaycana qarşı ikili standartlar prizmasından münasibət bəsləyən Qərb ölkələrinin, özlərindən kiçik dövlətlərin suverenliyinə münasibəti tam fərqlidir. Qərb bu gün nə qədər demokratiyadan, insan haqlarından, söz azadlığından danışsa da onun Azərbaycan kimi müstəqilliyini qoruyub saxlamağa çalışan ölkələrə münasibətində XVIII əsrin müstəmləkə təfəkkürü özünü büruzə verməkdədir. Bunlar rəsmi müstəmləkəçilik dövründə olduğu kimi, kiçik dövlətləri yalnız özlərindən asılı vəziyyətdə görmək istəyirlər. Lakin anlamırlar ki, dünya dəyişir, “demokratiya alətlərini” dövriyyəyə buraxıb, onlarla manupilyasiya etməklə, qarşındakını aldatmaq zamanı artıq çoxdan bitib. Daha doğrusu, indi sözlə əməlin arasında bu qədər fərqlə yaşamaq mümkün deyil. Bu gün Azərbaycan Cənubi Qafqazın açar dövləti olaraq dünya güclərinin diqqət mərkəzindədir”.

F. Yusifovun sözlərinə görə, Qərblə Şərqin böyük güclərinin arasında gedən mübarizədə artıq Şərq yetərli üstünlük əldə etməkdədir: 
“Bu üstünlüyün ən bariz formasını Şərqin aparıcı dövlətlərinin təşəbbüsü ilə yaradılmış BRİCS-in nümunəsində görmək mümkündür. Qərbin məkirli yanaşmalarından fərqli olaraq  BRİCS-də üzv ölkələrin suverenliyinə və müstəqil yaşamaq prinsiplərinə hörmətlə yanaşılır. Bu birlikdə heç bir dövlət digərinin daxili həyatına müdaxilə edib, ona “sən belə yaşamalısan” demir. Bir sözlə, bu Birlik öz müstəqilliyinə hörmətlə yanaşan və onu maksimum qorumağa çalışan ölkələrin Kolisiyasıdır. Elə bu səbəbdəndir ki, hal-hazırda dünyanın 40-dan çox ölkəsi bu Birliyə üzv olmaq arzusunu ifadə etmişdir. Bu ölkələrdən biri də Azərbaycandır. Rəsmi Bakı cari ilin avqust ayının 20-də BRICS-ə üzvlüklə bağlı müraciət etmişdir. Azərbaycanın siyasi elitası həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqa, əməkdaşlığa və həmrəyliyə can atır və bunu müstəqil siyasətin əsas prinsipi hesab edir. Azərbaycan çoxşaxəli və müstəqil xarici siyasət yürütməklə dünya siyasət meydanında söz sahibi kimi tanınır, böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək isə onun siyasi çəkisini artırır”.