Qərb Gürcüstanı vətəndaş qarşıdurmasına aparır -Analiz

Sabah Gürcüstanda parlament seçkiləri keçiriləcək. Hökumət növbəti parlament seçkilərinə xarici müdaxilədən ehtiyatlanır. Gürcü müxalifəti  də öz növbəsində Rusiyanın seçkilərə təsir və ya müdaxilə edə biləcəyindən bəhs edir. 
Ancaq ölkənin Baş naziri İrakli Kobaxidze “Euronews” telekanalına müsahibəsində bu iddiaların yalan olduğunu bildirib: “Rusiyanın Gürcüstanda keçirilən seçkilərə heç bir təsiri yoxdur. Ümumiyyətlə, Rusiyanın Gürcüstana təsiri yoxdur. Onların Gürcüstanda təsir edə biləcəkləri siyasi partiya mövcud deyil. Media kanalları ilə də onların təsiri yoxdur. Ona görə də Rusiya tərəfi mahiyyətcə Gürcüstanda seçkilərə təsir edə bilmir”.
Gürcüstanda baş verənlər Azərbaycan ictimaiyyəti üçün də önəmlidir.Bu məqsədlə 
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə Tbilisidə “Gürcüstan və Azərbaycan QHT-lərinin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan və Gürcüstanının vətəndaş cəmiyyəti ekspertlərinin iştirak etdiyi tədbirdə hər iki ölkədə QHT sektorunda görülən işlərə, eləcə də bəzi çağırışlara diqqət yetirilib. Çıxış edənlər bir sıra Qərb ölkələrinin regionda qeyri-hökumət təşkilatları vasitəsilə öz nüfuzunu gücləndirməyə çalışdığını, zərərli ideologiyalar yaymağa cəhd etdiyini, region ölkələrinin milli maraqlarına zidd olan müxtəlif fəaliyyətləri maliyyələşdirməyə çalışdığını qeyd ediblər. Onlar Azərbaycan və Gürcüstan QHT-lərinin milli maraqların qorunması baxımından əməkdaşlığının vacibliyini vurğulayıblar.

Sözügedən konfransda iştirak edən Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədr müavini Nədimə Rəhimlinin “Sherg.az”a açıqlamasına görə, bu görüşdə Azərbaycanın və Gürcüstanın qeyri-hökumət təşkilatları və sahə üzrə ekspertlər iştirak edib:

 “ Burada əsas mövzu QHT-lərin ictimai-siyasi proseslərdə rolu ilə bağlı təcrübələrini bir-biri bölüşmək idi. Lakin hazırda Gürcüstan parlament seçkilərinə hazırlaşdığı üçün bu mövzuya da Gürcüstan QHT-ləri tərəfindən toxunuldu. Bu mövzu da bizə yad olmadığı üçün sözügedən sahədəki təcrübələrimizi də bölüşdük. Bilirsiniz ki, bu gün Gürcüstanda seçki prosesinə müdaxilə edərək qarşıdurma yaratmağa cəhd edən Qərb dairələri eyni siyasəti Azərbaycana qarşı da yeridib. Lakin ölkə rəhbərimizin yeritdiyi uzaqgörən və düşünülmüş siyasəti nəticəsində biz bu mübarizəni uğurla başa vurmuşuq. Gürcüstanda keçiriləcək parlament seçkisi ərəfəsində biz yenə də Qərbin bu istiqamətdəki məkrli və çoxşaxəli planlarının həyata keçirilməsinin şahidi oluruq. Bu günlərdə Gürcüstanda keçirilən qərbmeyilli kütləvi etiraz aksiyalarını da bu cəhdlərin növbəti işartıları kimi qiymətləndirmək lazımdır”. 

N. Rəhimlinin sözlərinə görə, Cənubi Qafqazda  təhlükəsizlik və sakitliyə nail olmaq üçün Azərbaycana və Gürcüstana olan Qərbin təzyiqlərinə qarşı rəsmi Bakı və Tiflis geosiyasi müttəfiqlər kimi birgə fəaliyyət göstərməlidir:
 “Bu məsələdə qeyri-hökumət təşkilatlarının da rolu danılmazdır. Azərbaycan və Gürcüstan QHT-ləri milli maraqların müdafiəsinə hesablanan birgə təşəbbüsləri gücləndirməlidir”.

Gürcüstanda keçiriləcək seçkilərdə qalib olmaq uğrunda gərgin mübarizə getdiyini vurğulayan N. Rəhimli qeyd edib ki, şəhərin mərkəzində aksiyaları davam etdirən müxalifət tərəfdarları hakimiyyətdə olan “Gürcü Arzusu” partiyasının yenidən qalib olacağı halda çevriliş edəcəkləri ilə bağlı təhdidlər irəli sürürlər:
 “Burada isə qərbin müdaxiləsi istisna deyil, xarici dairələr sadəcə Gürcüstanda seçki prosesinə təsir etməklə kifayətlənmir, ölkəni vətəndaş qarşıdurmasına aparırlar. Lakin Gürcüstanda vətəndaşlar arasında keçirilən sorğular “Gürcü Arzusu” partiyasının qalib gəlmə şansının daha yüksək olduğunu göstərir. Seçki günü də xalqın iradəsi sayəsində bu nəticələrin özünü doğruldacağı görünür. Öncə də qeyd etdiyim kimi hökumətin qalibiyyəti qərb dairələrini daha da qıcıqlandıracaq, lakin gürcü xalqı bu dairələrin təsiri altına düşmədən hökumətin  müstəqil siyasət yeritməsi istiqamətində atdığı addımları müdafiə etməlidir. Azərbaycan vaxtilə müxtəlif formalarda Gürcüstanda hökm sürən siyasi problemləri yaşayıb. Əslində, Azərbaycana olan xarici təhdidlər Gürcüstanda baş verənlərdən daha qlobal idi. Lakin müzəffər dövlət başçımız düzgün qərarlar qəbul edərək milli-mənəvi dəyərlərimizə, dövlət təhlükəsizliyimizə zərbə vurmaq istəyən xarici qüvvələrin vaxtında cavabını verib”.