Baş nazirin BRICS tədbirinə qatılmasında əsas məqsədi İlham Əliyevlə görüşmək olub
“O, nələrisə Azərbaycan Prezidentinə deyib, cavab almaq istəyib. Görüşdə sülh müqaviləsinə yaxınlaşmaq üçün müəyyən fikirlər bildirilib”
Məlum olduğu kimi, Kazan şəhərində “BRICS+” formatının iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü keçirilib. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Nikol Paşinyan görüşdən sonra nikbin bəyanatla çıxış edib. Bəzi şərhçilərə görə, Azərbaycan və Ermənistan liderlərinin BRICS sammitində vasitəçisiz bir araya gəlməsi sülhlə bağlı ümidləri artırıb. Təbii ki, sadəcə bəyanatla prosesi irəli aparmaq mümkün deyil. Təcrübə də göstərir ki, bəyanatlardan praktik addımlara keçilmədiyi müddətcə müsbət nəticə hasil olmur. Ona görə də yaxşı olar ki, Ermənistanın baş naziri Qərbdəki havadarların təsiri altına düşmək əvəzinə, ikitərəfli sülh gündəliyini inkişaf etdirsin və nəticəyönümlü addımlar atmaq barədə düşünsün.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, BRICS çərçivəsində Ermənistan Baş naziri Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, əslində, Paşinyanın arzusu idi. Ekspertin sözlərinə görə, Ermənistan rəsmilərinin sülh müqaviləsinin imzalanması üçün "16 bəndin hamısı razılaşdırıldı" bəyanatından sonra Paşinyan Azərbaycan Prezidenti ilə ikilikdə görüşmək istəyini bəyan etmişdi:
"Hesab edirəm ki, Paşinyan BRICS tədbirinə də dövlət başçısı İlham Əliyevlə görüşmək üçün getmişdi, yoxsa onun bu tədbirdə heç bir işi yox idi. Bu baxımdan Paşinyanın Moskvada görüşə razılıq verməsindən yox, məhz onun görüşə can atmasından danışmaq lazımdır. Başqa formada Paşinyanın Azərbaycan Prezidenti ilə görüşü mümkünsüz idi. Çünki Azərbaycan tərəfi görüş üçün öz şərtini açıqlamışdı. Bu şərt Ermənistan konstitusiyasına dəyişiklik edilməsi idi. Ancaq bu məsələ hələ gündəmdə deyil. Belə durumda Azərbaycan Prezidentinin Ermənistan rəhbəri ilə görüşü heç nəyi dəyişmir. Görünən odur ki, Paşinyan necə olursa-olsun, Azərbaycan Prezidenti ilə ikilikdə görüşmək şansını ancaq BRICS tədbirinə getməkdə görüb. Paşinyanın ölkə rəhbəri İlham Əliyevlə yanaşı oturmasından görünür ki, Paşinyanın ürəyi doludur. O, nələrisə Azərbaycan Prezidentinə deyib, cavab almaq istəyib. Görüşdə sülh müqaviləsinə yaxınlaşmaq üçün müəyyən fikirlər bildirilib. Ancaq sazişin imzalanması üçün kifayət edəcəyini demək olmaz.
Azərbaycanın prinsipial tələbi qaldıqca sülhdən danışmaq hələ tezdir".