Paris Yeni Kaledoniya və digər müstəmləkələrə münasibətdə həmişə neokolonializm siyasəti yürüdüb
Avropa Parlamenti reallıq hissini itirib. İslamofobiya, türkofobiya o həddə çatıb ki, avrokomissarlar “insan haqları” adı altında hərbi cinayətkarlara azadlıq tələb etməklə öz xislətlərini gizlədə bilmirlər. Budəfəki qarayaxma kampaniyası COP29 öncəsi Azərbaycanın nüfuzuna təsir etmək niyyəti güdür.
Qeyd edək ki, Avropa rəsmilərinin ölkəmizə qarşı “qapa piar” və iftira kampaniyasının estafetini bu dəfə iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmit öz üzərinə götürüb. Oktyabrın 22-də Avropa Parlamentində müzakirələr zamanı o, Azərbaycanda insan hüquqlarının pozulması, siyasi fəal və hüquq müdafiəçilərinin siyasi motivli cinayət işlərinin açıqlaması barədə həqiqətə uyğun olmayan açıqlamalar verib. İlk növbədə, Nikolas Şmitin müstəqil ölkənin daxili işlərinə kobud müdaxilə etdiyini, barəsində danışdığı mövzulara dərindən bələd olmadığı və öncədən hazırlanmış bəlli narrativ əsasında çıxış etdiyi aydındır. Digər yandan isə, əgər avropalı məmur insan haqları məsələsinə xüsusi həssaslıq göstərirsə, əvvəlcə sakini olduğu, icra orqanında çalışdığı Avropa İttifaqında insan haqları ilə bağlı vəziyyətə göz gəzdirməsi faydalı olardı. Lüksemburqlu komissar qonşu Fransada insan haqları ilə bağlı acı duruma, nədənsə, bu illər ərzində heç etiraz etməyib, insan ölümlərinin üstündən sakitcə keçib.
Halbuki Fransa yeganə ölkədir ki, dənizaşırı departamenti adı altında keçmiş müstəmləkə ərazilərinə nəzarəti saxlayır və həmin yerlərdə müstəmləkəçilik siyasətini davam etdirir. Bunun nəticəsidir ki, dənizaşırı ərazilərdən olan Yeni Kaledoniyada gərginlik davam edir. Burada polislə etirazçılar arasında dəfələrlə toqquşmalar yaşanıb. Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq ediblər. Bölgədə fövqəladə rejim elan edilib, yerli kanak xalqının nümayəndələri kütləvi şəkildə həbs olunub, arxipelaqın müstəqilliyini tələb edən, etirazların rəhbəri olan 2 siyasi xadim isə ev dustaqlığına salınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, dövlət müstəqilliyi tərəfdarları ilə onların əleyhdarları arasında baş verən toqquşma nəticəsində onlarla insan, o cümlədən 50-yə yaxın şəxs xəsarət alıb. Bölgədə etiraz hərəkatını yatırmaq üçün 11 fəalı həbs edib və hazırda da Fransada saxlanılırlar. Onların arasında Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının lideri Kristian Ten də var. Numea şəhərində saxlanılaraq dindirilən digər 10 nəfər barədə də oxşar qərar qəbul edilib. Onlara qarşı konkret hansı maddələrlə ittiham irəli sürüldüyü açıqlanmır. Lakin istintaq cinayətkar birlik yaratma, quldurluq və vəzifəli şəxsləri öldürməyə cəhd faktları üzrə aparılır.
Göründüyü kimi, Yeni Kaledoniyada yaşananlara münasibət bildirməyə ehtiyac görməyənlər bunun əvəzinə müstəqil xarici siyasət yürüdən ölkələri hədəfə alırlar. Nikolas Şmit və onun kimiləri bir dəfə də olsun Yelisey sarayının atdığı repressiv addımlara toxunmayıb. Tək o deyil, Avropa İttifaqının aidiyyəti qurumları da analoji mövqe nümayiş etdirirlər. Nə Fransanın, nə də bütövlükdə Aİ ölkələrində insan haqları sahəsində kök salmış sistematik problemlərə, artan islamofobiya və ikrah doğuran neokolonial siyasətə, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçəlilər” kimi aksiyalarda həyatlarını itirməsinə göz yumurlar. Eləcə də, Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə aksiyaların qanla boğulması kimi hallara tam etinasızlıq və biganəlik göstərirlər.
Millət vəkili Elman Məmmədov da hesab edir ki, Fransa dövlətinin bütün tarixi işğalçılıq, müstəmləkəçilik tarixidir. O, “Sherg.az"a açıqlamasında qeyd edib ki, fransızlar vaxtilə bugünkü ABŞ ərazisini, Afrika qitəsi və Hindistanda, Çində yaşayan xalqları işğala, vəhşilik və soyqırıma məruz qoyublar:
“Paris XXI əsrdə də həmin siyasəti davam etdirir. Hətta onlar özlərinin bəd əməllərini görməzlikdən gələrək, başqa dövlətlərin daxili işlərinə də qarışır. Dünyada yeni münaqişə ocaqları yaratmağa çalışırlar. Fransa Prezidenti Emmanuel Makron Qafqazda yenidən müharibənin alovlanması üçün dəridən-qabıqdan çıxır.
Fransanın Yeni Kaledoniya və digər müstəmləkələrə münasibətdə neokolonializm siyasəti yürüdüb, yerli əhalinin hüquq və azadlığını boğduğunu vurğulayan E.Məmmədov deyib ki, Fransa hökuməti bu müstəmləkələri əsarətdə saxlamaq, yerli sakinləri assimilyasiya etmək üçün kənardan minlərlə miqrantı müxtəlif bəhanələrlə həmin ərazilərə yerləşdirməyə cəhd edir. Məqsəd isə müstəqillik tərəfdarı olan yerli xalqları azlığa çevirmək və miqrantların hesabına Fransanın dənizaşırı bölgələrində işğalını davam etdirməkdir. Xüsusən də, Yeni Kaledoniyaya aid qərarların yerli sakinlərin iradəsinə məhəl qoymadan qəbul edilməsi bir daha göstərir ki, Fransanın bu hərəkəti işğalçı zehniyyətdən doğur. Bu əsasda hazırda Yeni Kaledoniyada baş verən hadisələr hər addımbaşı demokratiyadan dəm vuran Makron hökumətinin yerli xalqın hüquq və istəklərinə münasibətdə demokratik yola deyil, zora üstünlük verməsinin nəticəsidir”.