Ermənistan Türkiyə ilə normallaşma prosesini Azərbaycanla sülh məsələsindən kənarda aparmaq niyyətinə düşə bilər
Türkiyə xarici işlər naziri Hakan Fidanın Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşündən sonra İrəvan-Ankara arasında normallaşma prosesi yenidən gündəmə gəlib. Fidan-Mirzoyan görüşündə ikitərəfli əlaqələr və normallaşma prosesi müzakirə edilmişdi. Daha sonra Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirdi ki, Ermənistan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpası şərtlərini qiymətləndirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Rubinyan görüşün iki ölkə arasında sərhəd-keçid məntəqələri və Gümrü-Qars dəmir yolunun bərpası məqsədilə keçiriləcəyini demişdi. Vitse-spiker Ankara və İrəvanın bundan öncə bu barədə razılaşma əldə etdiyini vurğulamışdı. Xatırladaq ki, ötənlərdə İstanbulda Ermənistan və Türkiyənin nəqliyyat nazirləri arasında da görüş keçirilib. Ermənistan rəsmiləri Ankara-İrəvan dialoqunun kifayət qədər müsbət templə inkişaf etdiyini açıqlayıblar və yaxın gələcəkdə nəzərəçarpacaq nailiyyətlərə ümid etdiklərini deyiblər. İrəvan və Ankara 44 günlük müharibədən sonra barışıq cəhdinə başlasa da, Türkiyə ikitərəfli münasibətlərin normallaşmasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına bağlı olduğunu vurğulayıb. Politoloq Narek Sukiasyan hesab edir ki, Ermənistan-Türkiyə əlaqələrinin donunu sülh sazişinin imzalanması əridə bilər.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz "Sherg.az"a deyib ki, Türkiyə-Ermənistan arasındakı normallaşma məsələsi Azərbaycan-Ermənistan sülh prosesi ilə birbaşa əlaqəlidir. General vurğulayıb ki, Ermənistan-Türkiyə sərhədlərinin bağlanması və münasibətlərin dondurulması ermənilərin 1991-ci ildən etibarən Azərbaycan torpaqlarını işğal etməsinə cavab olaraq atılmış addımlardır:
"Əlbəttə, Türkiyə tərəfi Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması istiqamətində üzərinə düşəni həyata keçirməyə davam edir. Bununla yanaşı, Türkiyə və Ermənistan arasında əlaqələrin normala dönməsi ilə bağlı hər iki tərəf xüsusi nümayəndə təyin edib. Təmsilçilər iki ay əvvəl Qarsda, sərhəddə görüşdülər. Orada bir daha vurğulandı ki, Azərbaycanla sülh sazişi bağlanacağı təqdirdə sonrakı mərhələdə görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Gümrü-Qars dəmiryolunun yenidən təmir edilməsi labüddür, çünki ciddi zərər görüb".
Y.Karaüz vurğulayıb ki, Ermənistan Türkiyə ilə normallaşma prosesini Azərbaycanla sülh məsələsindən kənarda aparmaq niyyətinə düşə bilər. Ancaq təbii ki, Türkiyə buna getməz:
"Ankara hökuməti əvvəlki dönəmlərdə buna cəhd etdi və nəticə arzuedilən olmadı. 10 noyabr üçtərəfli bəyanatda imzası olmasa da, bu bəyanatın reallaşmasında, ümumən Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh prosesində mühüm rol oynayan tərəflərdəndir. Əlbəttə, Türkiyənin də bu məsələdə, keçmiş dönəmlərdə olduğu kimi səhvə yol verməməsi çox önəmlidir. Ankaranın da diqqətli addımlar atması vacibdir. Reallıq odur ki, hazırda Türkiyə Ermənistanla bağlı addımlarını Bakı ilə koordinasiyalı şəkildə atır".