Parlamentari: Pakistan hər zaman Azərbaycanın yanındadır

Artıq iki ölkə arasında əlaqələr strateji mərhələyə daxil olub


  Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib. Dövlət başçısı general Sahir Şamşad Mirzanın səfərinin ölkələrimiz arasında güclü tərəfdaşlıq, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını deyib. Prezident bu il qardaş Pakistana dövlət səfərinin çox uğurlu və məhsuldar keçdiyini vurğulayaraq, bunun dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyini bildirib. Ölkə rəhbəri dövlətlərimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində bir-birini həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini qeyd edib. Əməkdaşlığımızın, o cümlədən ticarət sahəsində əlaqələrimizin əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini bildirən dövlətimizin başçısı deyib ki, özünün Pakistana dövlət səfəri zamanı Azərbaycanın bu ölkəyə 2 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu imkanları barədə bəyanat verilib və bu sahədə sıx əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər. Müdafiə sahəsində əməkdaşlığa toxunan Prezident bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarərlərdən olduğunu söyləyib. Dövlət başçısı bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğulayıb. Prezident müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirib. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin COP29 tədbirində iştirakının və gələn il ölkəmizə dövlət səfərinin Azərbaycanda səbirsizliklə gözlənildiyini diqqətə çatdırıb. Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin Bakıda keçirəcəyi görüşlərin uğurlu olacağına ümidvar olduğunu bildirib. Azərbaycan dövlətinin başçısı ilə görüşündən şərəf duyduğunu vurğulayan Sahir Şamşad Mirza Prezident İlham Əliyevin əfsanəvi şəxsiyyət olduğunu qeyd edib. Azərbaycan Prezidentinin Pakistana dövlət səfərinin ikitərəfli münasibətlərimizin inkişafında tarixi təməl daşı olduğunu deyib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin inkişafı fenomenal hadisə olub. Qonaq bu cür inkişafa, o cümlədən ümumi daxili məhsulun və əhalinin rifah halının artma templərinə heç bir ölkədə rast gəlinmədiyini söyləyib. Ölkəmizdə gedən inkişaf proseslərinin nümunə olduğunu qeyd edən qonaq Pakistanın Azərbaycan ilə qardaşlıq əlaqələrinin qarşılıqlı inama, səmimiliyə, əməkdaşlığa, mədəni əsaslara söykəndiyini deyib. Mirza vurğulayıb ki, Kəşmir məsələsində Azərbaycan Pakistanın yanında olduğu kimi, Ermənistan məsələsində də Pakistan Azərbaycanın yanındadır. 
  
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Pakistanla Azərbaycan arasında siyasi-iqtisadi, mədəni, hərbi əlaqələr sürətli formada inkişaf edir. Deputat vurğulayıb ki, Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir: 
"Vətən müharibəsi dövründə də Pakistanın Azərbaycanın yanında olduğunun şahidi olduq. Pakistan rəhbərliyi bir neçə dəfə Azərbaycana səfər edib. Cənab Prezident İlham Əliyev də bu yaxınlarda Pakistanda səfərdə oldu. Dövlətlər arasında əlaqələrin daha sürətli inkişafı barədə razılıq əldə edildi. Eyni zamanda Azərbaycan bu yaxınlarda Pakistanla Çinin birgə istehsal etdiyi hərbi təyyarələri aldı. Həmin təyyarələrin Azərbaycanda da təqdimatı həyata keçirildi. Bu əlaqələrin tarixi kökləri var. Pakistanda zəlzələ olarkən Heydər Əliyev Fondu Pakistan əhalisinə öz yardımını, dəstəyini göstərdi. Artıq iki ölkə arasında əlaqələr strateji mərhələyə daxil olub. Hər iki ölkə hərtərəfli əməkdaşlığın dərinləşməsində daha da maraqlıdır. Tərəflər bu istiqamətdə bütün zəruri addımları atırlar. Hesab edirəm ki, Pakistan rəsmilərinin budəfəki səfəri də ikitərəfli münasibətlərin güclənməsinə öz töhfəsini verəcək. Əlaqələrimiz daha da möhkəmlənəcək. Əlaqələrin yeni mərhələyə daxil olmasının şahidi olacağıq. Bunun üçün Azərbaycan və Pakistan tərəfindən bütün zəruri addımlar atılır, bundan sonra da atılacaq. İqtisadi, mədəni, diplomatik, hərbi sahələrdə irəliləyişi aydın görürük. Təbii ki, bu prosesdə hər iki ölkənin yüksək rolunu xüsusi vurğulamaq lazımdır".