Səbinə Salmanova: "Özbəkistanda parlament seçkilərinin demokratik keçirildiyini müşahidə etdim"

"Özbəkistanda oktyabrın 27-də keçirilmiş parlament seçkilərinin demokratik və şəffaf şəraitdə keçirildiyini müşahidə etdim".

Bu sözləri “Sherg.az"a açıqlamasında Özbəkistanda keçirilmiş parlament seçkilərini müşahidə etmiş Azərbaycan Milli Məclisinin deputatı Səbinə Salmanova deyib.

Deputat bildirib ki, onun seçkidən öncə MDB Parlamentlərarası Assambleya Şurası Baş katibinin müavini, Milli Məclisin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərovla birgə Özbəkistan Konstitusiya Məhkəməsinin sədri Mirza Ulugbek Abdusalomov, Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxodjayev və Ali Məclis Senatının sədri Tənzilə Narbayeva və siyasi partiya nümayəndələri ilə görüşü olub:

“Görüş zamanı bizə parlament seçkiləri ilə bağlı Özbəkistan Konstitusiyasında və qanunlarında təsbit edilmiş səlahiyyət və funksiyaları barədə ətraflı məlumat verildi, seçkinin azad, ədalətli, şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və reallaşdırılmış genişmiqyaslı layihələrdən danışıldı. Özbəkistan rəsmiləri bizi maraqlandıran məsələlərlə bağlı suallarımızı cavablandırdılar”.

S.Salmanova vurğulayıb ki, Azərbaycan nümayəndə heyəti seçkiləri fəal şəkildə müşahidə edib:
“Mən ümumilikdə 10-dan çox seçki məntəqəsində oldum. Həmin məntəqələrdə gün boyunca müşahidələr apardım. Seçki məntəqələri yaxşı təşkil olunmuş, seçicilərə öz seçimlərini sərbəst və tam şəkildə bildirmək imkanı yaradılmışdı. Müşahidələrim zamanı hər hansı neqativ halla rastlaşmadım”. 

Onun sözlərinə görə, seçkilər açıq və şəffaf olmaqla, bütün proses ədalətli şəkildə həyata keçirilib: 
“Şəffaf şəkildə baş tutan prosesdə həm siyasi partiyaların nümayəndələrinə, həm də beynəlxalq müşahidəçilərə sərbəst müşahidə aparmağa imkan verilmişdi. Müşahidələrimə əsasən onu deyə bilərəm ki, Özbəkistanda parlament seçkiləri demokratik şəraitdə baş tutdu”.

Parlamentari Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına seçkilərin uğurla keçirilməsi münasibətilə qardaş ölkəni bir daha təbrik edib: 
“Yeni tərkibdə fəaliyyətə başlayacaq Ali Məclisin Qanunvericilik palatasının işinə isə müvəffəqiyyətlər arzulayıram”.