Politoloq: Ermənistanın siyasi dəsti-xətti sülh sənədinin imzalanmasına icazə vermir

Ovannisyanın açıqlamaları ənənəvi erməni yalanının davamıdır

Ermənistan Azərbaycana sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərib. APA-nın Ermənistan KİV-ə istinadən məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib. O deyib ki, rəsmi İrəvan hazırda bu təkliflərə cavab gözləyir. 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a söyləyib ki, bu günə qədər Azərbaycan və Ermənistan arasında sülhlə bağlı yekun anlaşmaların əldə edilməməsinin günahkarı Ermənistandır:

“Ermənistanın regiona və bölgəyə gərginlik gətirən siyasi dəsti-xətti bütövlükdə rəsmi Bakı və İrəvan arasında sülh sənədinin imzalanmasına icazə vermir. Həmçinin Ermənistan təxribatçı mövqelərinə rəğmən hələ də özünü sülhpərvər ölkə kimi göstərməsi, Azərbaycanı ittiham etmə tendensiyası davam edir. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyanın açıqlamaları da ənənəvi erməni yalanının növbəti dəfə Paşinyan komandasında olan siyasətçilərdən biri tərəfindən söylənilən etirafının davamıdır. Azərbaycan Ordusunun gücü hesabına torpaqlarını azad etsə də, Ermənistanla dürüst, səmimi sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaza obyektivliyin gəlməyi naminə çalışır. Amma təəssüflər olsun ki, Ermənistanın həyata keçirdiyi xətt aqressiv davranış, regiona qarşı qeyri-səmimi münasibət iki ölkə arasında yekun sülh sənədinin imzalanmasında maneələr törədir. Ümumiyyətlə iki dövlət arasında sülhün imzalanması və dövlətlərarası münasibətin bərpası rəsmi İrəvandan asılıdır. Ermənistan və havadarlarının müxtəlif bəhanələrlə bölgədə sülhdən yayınması acı reallığı növbəti dəfə göz qabağına qoyur”.