“Qırğızıstanla Azərbaycan arasında Su və Elektrik Enerjisinin Mübadiləsi üzrə Birgə Şuranın yaradılması planlaşdırılır”.
Bunu APA-ya açıqlamasında qırğızıstanlı politoloq Bakıt Baketayev deyib.
Türk Dövlətləri Təşkilatının əhəmiyyətinə toxunan ekspert söyləyib ki, sözügedən qurumun iştirakı olmadan “Bir kəmər, bir yol” layihəsi də öz əhəmiyyətini itirir:
“Son 5 il ərzində Türkdilli dövlətlər arasındakı münasibətlərdə aktivlik müşahidə olunur ki, bu da zamanın tələbidir. Əslində bizi minilliklər boyunca bir-birimizə ortaq dil, din və fəlsəfi meyllər bağlayır. Geosiyasi vəziyyət mürəkkəbləşdikdən sonra ölkələrimizin başçıları arasında görüşlər mütəmadi xarakter almağa başlayıb. Bundan əlavə, Türkdilli Dövlətlər Təşkilatının yaranması müdrik bir qərardır. Bu təşkilat Çinlə Avropa arasında mövqe tutan ölkələrin iştirakı ilə yaranıb. Türkdilli Dövlətlər Təşkilatının iştirakı olmadan “Bir kəmər, bir yol” layihəsi də öz əhəmiyyətini itirir. Türkdilli ölkələr böyük dövlətlər qarşısında öz maraqlarını müdafiə etmək üçün belə bir təşkilatın tərkibində birləşiblər. Məhz bu qurum sayəsində bizim rəhbər tutduğumuz maraqlar böyük dövlətlərin maraqları qarşısında əhəmiyyətini itirməyəcək. Hesab edirəm ki, bu istiqamətdə həyata keçirilən müdrik siyasət hazırkı çağırışlara tam cavab verir. Həm Qırğızıstan, həm də Azərbaycan ölkələr arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa nümunə ola bilər”.
B.Baketayevin toxunduğu daha bir məqam isə həm Türk Dövlətləri Təşkilatı, həm də ikitərəfli əməkdaşlıq çərçivəsində təklif olunan layihələrlə bağlı olub.
O vurğulayıb ki, hazırda bu istiqamətdə aktiv müzakirə davam edir.
B.Bakitayev deyib ki, Qırğızıstan hökuməti Azərbaycan tərəfinin birgə layihələrin icrası ilə bağlı istənilən təklifini diqqətlə nəzərdən keçirəcək:
“Transxəzər” nəqliyyat dəhlizi Xəzər dənizi, Azərbaycan və Orta vektora doğru geniş yayılacaq. Hazırkı dövrə olan məlumata görə, ölkələrimizin arasında Su və Elektrik Enerjisinin Mübadiləsi üzrə Birgə Şuranın yaradılması planlaşdırılır. Hesab edirəm ki, ümumdaxili məhsul səviyyəsinin formalaşmasında iştirak edən bütün iqtisadi sahələr üzrə əməkdaşlıqda kəsişmə nöqtələrinin tapılması üzrə birgə fəaliyyət həyata keçiriləcək. Bu isə hər iki ölkənin iqtisadiyyatı üçün səmərəli olacaq. Bizim Azərbaycandan öyrənəcəyimiz bir çox məsələ mövcuddur. Bura həm müxtəlif sahələrdə müasir texnologiyaların tətbiqi üzrə əməkdaşlıq daxildir. Eyni zamanda ölkələrimiz zəngin təbii ehtiyatlara malikdir. Hesab edirəm ki, hökumətlərimiz qarşılıqlı faydalı əməkdaşlıq sahələrini müəyyənləşdirə biləcəklər”.