Zəfərlə başlanan uzun yol...

Qarşıda bizi hələ bir çox mühüm vəzifələr gözləyir


“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır"

 
  Bu gün şanlı Zəfərimizin dördüncü ildönümüdür. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı müvafiq Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. 8 noyabr 2020-ci il tarixində məhz Şuşanın işğaldan azad olunmasından sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bununla da, hər zaman ölkəmizin  tarix və mədəniyyət simvolu olan Şuşa şəhəri həm də şanlı qələbəmizin, hərbi gücümüzün simvoluna çevrildi. Noyabrın 8-də alınmaz qala sayılan Şuşanın işğaldan azad olunmasından sonra müharibənin taleyi həll olundu. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Şuşanın şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir: “Şuşa mədəniyyət ocağı kimi tanınsa da, eyni zamanda qəhrəmanlıq, zəfər və sülh rəmzidir”. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Ermənistan ordusu tərəfindən boşaldıldı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başladı. Azərbaycan xalqı bu yolda 2900-dan çox övladını qurban verib. Xalqımız Qələbənin sevinci və qəhrəman oğullarının dünya hərb tarixinə düşən şücaəti ilə öyünərək bayram edir. Uşaqdan böyüyə hər kəs Birinci və İkinci Şəhidlər, o cümlədən İkinci Fəxri xiyabana axışaraq suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiramını bildirir, onlara bir daha minnətdarlığını ifadə edir. Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda keçirdiyi və 24 saat tamam olmadan yekunlaşdırdığı lokal antiterror tədbirləri nəticəsində dünya möhtəşəm Zəfərin sədasını artıq iki ildir Xankəndidən, Xocalıdan, Ağdərədən, Xocavənddən də almaqdadır. Azərbaycan xalqı növbəti dəfə hər kəsə öz torpağından bir qarışını belə düşmənə güzəştə getmədiyini və heç zaman da getməyəcəyini nümayiş etdirdi. Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yarandı. Azərbaycan öz sərhədlərində möhkəmlənməyə başladı. 2023-cü il aprelin 23-də “Laçın” dövlət sərhədində buraxılış məntəqəsinin qurulması isə Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi tarixə düşdü. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə isə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə Azərbaycan lokal xarakterli antiterror əməliyyatına başladı. Cəmi bir sutkadan da az davam edən əməliyyatlar nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Bu, 44 günlük Vətən müharibəsinin məntiqi sonluğu idi. Son 4 il ərzində işğaldan azad olunmuş ərazilərin kompleks bərpası və Böyük Qayıdış strategiyası uğurla reallaşmaqdadır. Eyni zamanda şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrasını xüsusi qeyd etməliyik. Təsadüfi deyil ki, ümumilikdə postmüharibə dövründə sözügedən sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 358 min xidmət göstərilib. Cəmiyyətin həssas təbəqəsinə diqqət və qayğı bu gün də davam edir. 

  Milli Məclisin deputatı Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, 8 Noyabr - yüksək fəxarət, hədsiz fərəh və qürur hisslərimizin yaşandığı gündür. Deputatın sözlərinə görə, noyabrın 8-nin ölkəmizdə hər il Zəfər Günü kimi qeyd olunması Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi:

 "Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Azərbaycanın quruculuq missiyası tikilməkdədir. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır".

  Parlament üzvü vurğulayıb ki, qarşıda isə bizi hələ bir çox mühüm vəzifələr gözləyir: "Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Prezident İlham Əliyevi öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında olmalıyıq. Azərbaycanda xalq-iqtidar birliyi dönməz və sarsılmazdır. Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə qalib dövlət və xalq kimi tarixə düşdük".