Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistana irqi ayrı-seçkilik işi ilə bağlı əks-memorandumlar hazırlamaq üçün bir il vaxt verib. Bu barədə BƏM-in mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, sənədlər 2025-ci il noyabrın 12-dək hazırlanmalıdır. Əks-memorandum - qarşı tərəfin memorandumunda yer alan iddiaları qəbul , inkar edən və ya şərh edən cavabı nəzərdə tutur.
Qeyd edək ki, BƏM 12 noyabrda Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddialarına baxıb.
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “Sherg.az”a söyləyib ki, sözügedən hadisə Azərbaycan tərəfindən ermənilərin iddialarına qarşı irəli sürülən məsələdir:
“Həqiqətən də ermənilər etnik təmizləmə, irqi ayrı-seçkilər kimi əməllərlər məşğul olublar. Bu baxımdan Azərbaycanın belə addım atması anlaşılandır. Çünki ermənilərin həmin addımlarının ifşa olunması olduqca vacibdir. Ümumiyyətlə Beynəlxalq Ədalət Məhkəməsinin əsas prinsipi qaldırılan iddiaların əsaslanıdırılmasıdır. Buna görə məhkəmə tərəfindən müəyyən vaxt verilir. Azərbaycanlı hüquqşünaslar bu məsələni işləyib əsaslandırılmış şəkildə təqdim edəcəklər. Ümid edirəm ki, məsələ Azərbaycanın xeyrinə həll olunacaq”.