Gürcüstanda çevriliş planı reallaşmayacaq -ANALİZ

Vəziyyət nə qədər gərgin olsa da, hakimiyyətin müqavimət imkanları kifayət qədərdir

Baş verən hadisələr ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqaz uğrunda mübarizəsinin tərkib hissəsidir


 Qərb siyasi dairələrinin və qeyri-hökumət təşkilatlarının məqsədi vətəndaş etirazları vasitəsilə Gürcüstanda hökuməti daim təzyiq altında saxlamaq, sabitliyin kövrək qalmasına nail olmaqdır. Bütün bunlar isə Gürcüstan dövlətinin maraqları ilə uzlaşa bilməz. Çünki Qərbin xüsusi xidmət orqanları vəziyyətdən istifadə edərək Gürcüstan vasitəsilə Cənubi Qafqazda gərginlik yaratmaq istəyirlər. Gürcüstan ərazisindən hər hansı üçüncü dövlətə qarşı edilən hərəkətlər və fəaliyyət region ölkələrinin maraqlarına qətiyyən cavab vermir. Məsələ ondadır ki, Qərb əsas alət kimi Gürcüstandakı müxtəlif qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətindən istifadə edir. Son illər Gürcüstanda hökumətin qeyri-hökumət sektorunun milliləşdirilməsi, dövlət büdcəsindən ölkənin yerli QHT-lərinə ayrılacaq vəsaitin xarici maliyyələşmələri üstələməsi ilə bağlı açıqlamalar Gürcüstanın vətəndaş cəmiyyətinin xarici təsirlərdən uzaq olmalı, ölkənin milli maraqlarından çıxış etməli olduqlarını diktə edir. Əslində, qonşu dövlətin aidiyyəti sahəsində görülən tədbirlər, xarici agentlər haqqında yeni qanunun qəbul edilməsi qeyri-dövlət sektorunda aparılan islahatların və şəffaflaşmanın tərkib hissəsidir. Qərb siyasi dairələri bu istiqamətdə davamlı şəkildə fəaliyyət göstərib və Gürcüstanda bu sahəyə milyonlarla ABŞ dolları qrant vəsaitləri sərf olunub. Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti aydın göstərir ki, Qərb Gürcüstanda rəngli inqilab ssenarisi planlaşdırıb və həyata keçirməyə çalışır. İnqilabın başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbmeyilli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır. Qərbin Gürcüstanda həyata keçirmək istədiyi ssenari 2004-cü il postsovet məkanında, o cümlədən Ukrayna və Gürcüstanda həyata keçirilmiş rəngli inqilabların, habelə 2014-cü ildə Ukraynada baş vermiş inqilabın yenidən özünəməxsus formada təkrarını ehtiva edib. Bu planların reallaşdırılmasında USAİD kimi təşkilatlar fəal iştirak edirlər. Artıq yayılmış məlumatlar da təsdiq edir ki, Qərb Ukraynanın parçalanması ssenarisini gerçəkləşdirir. Neçə illərdir Ukrayna xalqına Qərb mərkəzlərinin verdiyi vədlər yerinə yetirilmir, ölkə sözün əsl mənasında həm iqtisadi, həm də insan resursları baxımından fəlakətli vəziyyətlə üzləşib. Qərb ümumilikdə hibrid müharibələr vasitəsilə postsovet məkanında ayrı-ayrı ölkələrin müqəddəratı, milyonlarla insanın canı və qanı bahasına qaynar nöqtələr yaratmaq planını gerçəkləşdirməyə çalışır. Eyni ssenarinin qarşıdan gələn dövrdə parlament seçkiləri keçiriləcək Serbiyada da təkrarlanması gözlənilir. Hazırda Qərbin nəzarətində olan siyasi partiyaların, medianın, QHT-lərin, diplomatların və s. Gürcüstanda sabitliyi pozmaq xəttini tutduğu aydın görünür. Bu qüvvələrin can atdığı müddətsiz etirazlar 2004-cü ildə sınaqdan çıxarılmış metoddur. Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi, seksual azlıqların fəaliyyətini məhdudlaşdıran normativ hüquqi aktların tətbiqi, habelə Gürcüstan hökumətinin ölkəni 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verməsi Gürcüstan hakimiyyətinin bu təhlükəni gördüyünü və əks tədbirlər reallaşdırdığını nümayiş etdirir. Ancaq artıq gürcü xalqı və Qərbin və onun təəssübkeşlərinin əsl niyyətinin nədən ibarət olduğunu anlayır və buna ciddi müqavimət göstərir. Gürcülər yaxşı anlayırlar ki, xarici təsirlərin sarsıdıcı nəticələrindən sığortalanmağın yeganə yolu regional birlikdən, xüsusilə Azərbaycanla əlaqələri daha da gücləndirməkdən keçir. Azərbaycan və gürcü xalqı bir yerdə olduqca və eyni hədəfə doğru irəlilədikcə, regionu qeyri-sabitlik məkanına çevirmək cəhdləri heç bir nəticə verməyəcək. Əfsuslar ki, Ermənistanda bu reallığı hələ də anlamırlar və Qərbin dəstəyi ilə silahlanan Ermənistan öz fəlakətinə doğru irəliləməkdə davam edir. Qərbin Gürcüstanda ssenarisinin pozulması Ermənistan hakimiyyətinin ümidlərini sarsıtdı. Ermənilər Qərbin Ukrayna ilə bağlı planının da baş tutacağını düşünür, Ermənistan hakimiyyəti planlarını bu reallıqdan çıxış edərək qururdu. Ancaq son dövrlər Rusiya-Ukrayna cəbhəsində müşahidə olunan proseslər ermənilərin bu arzusunun da puça çıxdığını göstərir. İndi ermənilərin yeganə ümid yeri Polşa Prezidenti Andjey Duda kimilərinədir. Lakin Duda da beynəlxalq siyasətdə ciddi qəbul olunmayan bir fiqurdur və bir müddət sonra keçiriləcək növbəti seçkilər onun siyasi zirvədə fəaliyyətinə son qoyacaq.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki, Gürcüstanda baş verən hadisələr ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqaz uğrunda mübarizəsinin tərkib hissəsidir. Ekspertin sözlərinə görə, Qərb siyasi dairələri Gürcüstana da nəzarəti ələ keçirməklə Cənubi Qafqazda qüvvələr nisbətini öz xeyirlərinə dəyişməyə cəhd göstərirlər: 

"Hesab edirlər ki, əgər Ermənistanın ardınca Gürcüstana da nəzarəti ələ keçirərlərsə, bu halda Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılması reallaşa bilər. Çünki Rusiyanın Azərbaycanda heç bir istinad nöqtəsi yoxdur. Azərbaycanda hərbi bazaları yoxdur, sadəcə, ölkəmizlə iqtisadi, siyasi münasibətləri var. Gürcüstan da Ermənistan kimi nəzarətə alınmış olsa, o zaman Rusiya Cənubi Qafqazda tamamilə oyundankənar vəziyyətə düşmüş olacaq. Yəni Qərbin əsas hesablamaları bundan ibarətdir. Əgər Gürcüstanda dövlət çevrilişi baş verərsə, bu halda Gürcüstanda tamamilə Rusiyanın təsir imkanları sıfırlanmış olacaq. Eyni zamanda Ermənistanda da ABŞ və Qərb qeyri-leqal şəkildə yerləşmiş durumdadır. Azərbaycan neytral ölkədir, nə Rusiyanı, nə də Qərbi öz daxili və xarici siyasətinə müdaxilə etmək imkan verir. Rusiyanı da, Qərbi də müəyyən məsafədə saxlayır. Bu baxımdan ABŞ və Qərbin Gürcüstanda bu hadisələri törətməsi tamamilə başadüşüləndir. Nə qədər qəribə də olsa, bu proseslərdə Gürcüstanın prezidenti statusunu daşıyan bir şəxsin birbaşa iştirak etməsi, hətta liderlik funksiyalarını yerinə yetirməyə çalışması, əslində, proseslərin hansı istiqamətdən gəldiyini, hansı təlimatlarla törədildiyini büruzə verir. Səlahiyyət müddəti sona çatmaqda olan Gürcüstan Prezidenti Salome Zurabişvili həm də Fransa vətəndaşıdır. Bəzi məlumatlara görə də Salome Zurabişvili Fransa kəşfiyyatının Gürcüstandakı əsas təmsilçisi funksiyalarını da yerinə yetirir. Bir neçə dəfə Gürcüstanın hakimiyyət dairələri prezidentin xarici kəşfiyyatın təsir dairəsində olmasına yönəlik müəyyən eyhamlar vurublar. Səlahiyyətləri sona çatmaqda olan Gürcüstan prezidenti Qərb qarşısında sonuncu xidmətlərini yerinə yetirməyə çalışır. Yəni Gürcüstan müxalifətinin hakimiyyətə qarşı çevriliş cəhdlərində iştirak edir". 
Analitik vurğulayıb ki, hələ Gürcüstanda keçirilmiş parlament seçkilərindən xeyli əvvəl Qərbin Gürcüstanda dövlət çevrilişi planları qurması barədə məlumatlar yayılmışdı: "Həmin məlumatlarda çevriliş prosesinə məhz Prezident Salome Zurabişvilinin rəhbərlik etməsi ilə bağlı təlimatların olduğu bildirilirdi. Digər tərəfdən. Gürcüstanda kütləvi etiraz dalğasının, eləcə də küçə iğtişaşlarının törədilməsində Ermənistan kəşfiyyatının da Qərb kəşfiyyatına dəstək verəcəyi barədə məlumatlar var idi. Ermənistan kəşfiyyatı Gürcüstanda yaşayan ermənilərin vasitəsilə Gürcüstanda təxribatlar törətməli idi. Hətta terror hadisələrinin törədilməsinə yönəlik planların qurulduğu deyilirdi. Son hadisələr göstərir ki, erməni mənşəli şəxslər və Ermənistan kəşfiyyatı Qərb kəşfiyyatının təlimatları ilə Gürcüstanda polislə toqquşmaların təşkil olunmasında birbaşa rol oynayır. Ancaq bütün bu proseslərin ABŞ və Qərbin planlaşdırdığı kimi başa çatacağına tam təminat yoxdur. Vəziyyət nə qədər gərgin olsa da, Gürcüstan dövlətinin müqavimət imkanları kifayət qədərdir. Üstəlik, Gürcüstan hakimiyyəti artıq seçkilərdən sonra öz mövqelərini nisbətən möhkəmləndirməyə imkan tapıb. Bu baxımdan hesab etmək olar ki, Gürcüstanda çevriliş planının reallaşması ehtimalı real xarakter daşımır".