Maltada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında görüş baş tutub.
Tərəflər Azərbaycanla Avropa Birliyi arasındakı siyasi dialoq, qarşılıqlı münasibətlər, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, habelə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ətrafında fikir mübadiləsi aparıblar.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a deyib ki, Avropa Birliyinin Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya salınması, sülhün imzalanması istiqamətində faydalı bir addım atacağına böyük şübhə ilə yanaşıram:
"Çünki Avropa Birliyi və onun nümayəndələri bu məsələdə tərəfkeş rolundadırlar. Hətta konkret olaraq bir sıra məqamlarda ermənipərəst mövqedən çıxış edirlər. Yəni onların davranışları belə bir təəssürat yaradır ki, sanki bölgədə sülh olmasını istəmirlər. Ümumiyyətlə Avropa Birliyi gərginliyin davam etməsini, yeni bir müstəviyə keçməsini və bu fonda da öz maraqlarını həyata keçirməyi planlayır. Lakin Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlıq mümkündür. Əgər Avropa Birliyi də Azərbaycanın ona yanaşdığı kimi ədalətli yanaşma sərgiləyərsə və üzərinə düşənləri həyata keçirmək üçün cəhdlər göstərərsə, əməkdaşlıq gözləniləndir. Bu da hər iki tərəf üçün çox faydalı olar. Amma Avropa Birliyi fərqli davranışlar sərgiləyir. Siyasi məsələlərdə təzyiq üsulları seçirlər, qərəzli yanaşmalar, bəyanatlar qəbul etməyə cəhd göstərirlər. Bu isə münasibətlərdə gərginliyi artıran bir məqamdır. Digər tərəfdən Avropa Birliyi sülhün imzalanmasını istəyərsə, təsir imkanları ola bilər. Lakin indiki zamanda onların davranışları prosesə mənfi təsir edir. Əgər Azərbaycan və Ermənistan sülhün imzalanmasını istəyirsə, vasitəçisiz bir araya gəlib danışıqlara nail olmalıdırlar".