Azərbaycandan Tramp hakimiyyətinə jest: Bakı Bayden adminstrasiyasının üzərimizdən "xal qazanmasını" əngəllədi

ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi nəzərdə tutulmur. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. APA isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının bəzi detallarını öyrənə bilib. Diplomatik mənbələrdən agentliyə bildirilib ki, ABŞ Dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib. Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ı yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib. Səbəb isə budur ki, “ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür”. Diplomatik mənbə bildirib ki, buna görə Azərbaycan ABŞ-ın, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır. Azərbaycan məhz ABŞ-ın vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.

Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, Blinkenin Azərbaycan-Ermənistan arasında görüş keçirmək təşəbbüsü sülhə töhfə verməkdən daha çox Bayden administrasiyasının fəaliyyəti dövründə daha bir nəticə əldə etdiyini qeyd etmək məqsədi daşıyır:

“Bununla bir növ xal qazanmağa çalışırlar. Yəni belə bir görüş keçirməklə gördükləri işlərin sayını artırmağa cəhd göstərirlər. Ümumiyyətlə Görüşün Azərbaycan-Ermənistan arasında hansısa problemi həll etmək kimi əhəmiyyəti yox idi. Azərbaycan tərəfi məhz buna görə görüşdən imtina edərək Bayden administrasiyasının bizim üzərimizdən xal qazanmasını istəməyib. Azərbaycan bu məsələdə haqlıdır, çünki son zamanlar Bayden administrasiyası rəsmi Bakı əleyhinə fəaliyyət göstərib. Onlar Azərbaycan-Ermənistan sülh danışıqlarında, Xankəndidə separatizmin ləğvində və digər mühim məsələlərdə ermənipərəst mövqe sərgiləyirdilər. İndi belə regional kommunikasiyanın açılmasında Ermənistanın maraqlarını daha çox ön plana çəkirlər və Zəngəzur dəhlizinə qarşı mövqe ortaya qoyurlar. Bayden administrasiyası Azərbaycana qarşı davranışında balansı belə qoruya bilmir. Rəsmi Bakı belə addımları heç vaxt unutmur. Azərbaycanın atdığı addımı bir növ Donald Trampın hakimiyyətinə verdiyi jest kimi də qiymətləndirilə bilər”.