Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil edilib.
APA xəbər veiri ki, “Övladlığa götürmə sahəsində göstərilən xidmətlər” mövzusuna həsr edilən təlimdə 15 media qurumundan jurnalistlər iştirak edib.
Media nümayəndələrinə “Azərbaycanda himayədar ailə qayğı modeli haqqında geniş məlumat verilib. Bildirilib ki, burada məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır.
Kimlər himayədar valideyn ola bilər, himayədar valideynlərin vəzifələri, hüquqları, onlara göstərilən sosial dəstək və “Himayədar ailə” qayğı modelinin ölkəmizdə tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən son işlər haqqında jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Daha sonra mövzunun necə mənimsənildiyini müəyyənləşdirmək məqsədi ilə workshop keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandırıblar.
Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.
“Sosial Jurnalistika” təlimlərinin təşkil edilməsində məqsəd media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara yanaşmada peşəkarlıq səviyyəsinin artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.