Analitik: Sülh müqaviləsinin reallaşmasına stabil zəmin hazırlanıb

Cari ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edilərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin yaradılması və sülh prosesinin irəlilədilməsi ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub. Bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb. Qeyd edilib ki, Ali səviyyədə verilmiş tapşırıqlara uyğun olaraq, Xarici İşlər Nazirlikləri səviyyəsində dövlətlərarası münasibətlərin hüquqi əsasını təşkil edəcək ikitərəfli sazişin razılaşdırılması üzrə müvafiq təmaslar davam etdirilib, normallaşma gündəliyi üzrə əhəmiyyətli irəliləyişə nail olunub.

Siyasi şərhçi Tural İrfan “Sherg.az”a bildirib ki, Azərbaycan və Ermənistan arasında cari ildə lazımi irəliləyişlər baş verib:

“Suverenliyik, ərazi bütövlüyü prinsipləri əsasında müxtəlif nöqtələrdə irəliləyiş müşahidə olundu. Sülh müqaviləsinin reallaşmasına stabil zəmin hazırlandığını hesab edirəm. Amma tam düşünülüb ölçülüb biçilərək tələsmədən bu işlərin görülməsi zəruridir. Ermənistan və Azərbaycanla yanaşı, ümumi regionda sülhün davamlı və etibarlı olmağı üçün müxtəlif görüşlər, danışıqlar aparılıb və kifayət qədər irəliləyişə nail olunub. Hər iki dövlət arasında uzun müddət davam edən keçmiş münaqişə və kənar xarici maraqların müdaxiləsi zəminində pozulan münasibətləri çox qısa zamanda bərpa etmək də o qədər asan deyil. Ən azı Ermənistan buna hazır olmalıdır. Erməni cəmiyyətindəki müxtəlif ziqzaqlar, hakimiyyətin tərəddüdü və öz iqtidarını itirmək qorxusu müəyyən qədər proseslərin ləng getməsinə səbəb olsa da, ikitərəfli əlaqələrin inkişafı danılmazdır. Ümid edirəm ki, barışıq və sülh müqaviləsi üçün baza hazırdır və bəzi açıq qalmış məsələlər, detallar da qarşıdakı ildə həllini tapacaqd. Ümumi götürdükdə isə cari ildə aparılan işlər ölkəmiz üçün faydalı oldu və gələcəkdə bizi gözləyən həlledici müqavilə və münasibətlərin daha etibarlı olmasına sağlam özül, təməl yaratdı”.