Parlamentari: Makronla görüşdən sonra Paşinyan dəyişib

ABŞ və Fransa səfərlərindən belə anlaşılır ki, Ermənistan Azərbaycanla sülhə hazır deyil

Azərbaycanla Ermənistan növbəti görüşün tarixi və yerini müəyyən etmək barədə razılığa gəlib. Bu barədə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların videokonfrans formatında işçi görüş keçirilib. Görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə ediblər. Həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar. Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər. Xatırladaq ki, 11-ci görüş yanvar ayında keçirilib. Ermənistan Baş naziri Nikol Paşinyan da Münhen Təhlükəsizlik Konfransında görüşdüyü şəxslərlə Azərbaycanla sülh prosesindən danışıb. Paşinyanın görüşdüyü şəxslərdən biri ATƏT-in Baş katibi Firudin Sinirlioğlu olub. Görüşün əsas mövzusu Azərbaycan-Ermənistan normallaşma prosesi olub. Almaniya Kansleri Olaf Şoltsla görüşdə də Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər.

Millət vəkili Sahib Alıyev "Sherg.az"a deyib ki, sərhəd komissiyalarının görüşləri bir qayda olaraq sərhədlərdə baş verir. Amma deputatın fikrincə, görüşlərdə əldə olunan irəliləyişlərlə bağlı konkret nələrsə demək çətindir. Ona görə ki, hazırda Ermənistanın yeritdiyi siyasət sərhədlərin delimitasiya və demarkasiya məsələsində də müəyyən irəliləyişlərin olacağını deməyə imkan vermir:
 "Ən azından bir məsələ ilə bağlı razılıq var ki, delimitasiya və demarkasiya prosesi qaldığı yerdən, yəni şimaldan İranla sərhədədək aparılacaq. Bu görüşlər adətən uzun vaxt tələb edir və bir neçə saat sürür, müəyyən razılaşmalar olur. Məsələ ondadır ki, komissiyaların görüşləri, təmasları ilə bağlı Azərbaycanın müəyyən istəkləri var. Azərbaycan üçüncü tərəfin təmsilçilərinin şərti sərhədlərdə olmasını, boy göstərməsini istəmir. Ermənistan isə Avropa İttifaqının "mülki missiyası"nın, əslində isə casus şəbəkəsinin bölgədə qalma müddətini daha iki il uzadır. Bu faktın özü Ermənistanın sərhəd razılaşmaları və digər məsələlərdə nə dərəcədə irəli getməkdə maraqlı olub-olmadığını göstərir. Eyni zamanda Nikol Paşinyanın Başkəndlə bağlı iddiası da məlumdur. İrəvan deyir ki, onların bir kəndi Azərbaycanın nəzarəti altındadır. Amma bizim 4 kəndimiz hələ də Ermənistan işğalındadır. Qazaxın 3, Naxçıvanın 1 kəndinin taleyi həll olunmamış qalır. Paşinyanın vaxtaşırı Başkənd söhbətini gündəmə gətirməsi Azərbaycan kəndlərinin Ermənistan işğalında qalmasına haqq qazandırmaq məqsədi güdür. Ümumiyyətlə, baş nazirin Münhendəki açıqlamalarından, ondan öncə ABŞ və Fransa səfərlərindən belə başa düşdüm ki, Ermənistan Azərbaycanla sülhə hazır deyil. Münhendə Paşinyanın ATƏT-in baş katibi F.Sinirlioğlu ilə görüşündə toxunduğu məqamlara diqqət yetirək. Bununla yanaşı, bir də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in baş katibi ilə görüşündə diqqət yönəldilən məsələlərə nəzər salaq. Azərbaycan XİN başçısı məsələ qaldırır ki, ATƏT-in Minsk qrupu ləğv edilsin. Paşinyan isə deyir ki, ATƏT-in bu prosesdə vasitəçiliyinə böyük ümidlər bəsləyir". 

Parlament üzvü vurğulayıb ki, Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra Bakının Minsk qrupu ilə bağlı tələbinə dair fikrini dəyişib:
 "Halbuki, baş nazir prinsipcə, buna razı olduğunu açıqlamışdı. Makronla görüşdən sonra ortaya çıxan iki reallıqdan biri Minsk qrupu ilə bağlıdır. Digər məsələ odur ki, Fransadakı daşnaklardan ibarət olan erməni diasporu Azərbaycanın Qarabağdakı antiterror əməliyyatı ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət ediblər. Fransadakı erməni diasporunun bu çağırışının arxasında Yelisey sarayının dayandığı heç kimə sirr deyil. Bununla bağlı Paşinyanla Makron arasında görüşlərdə müəyyən razılaşmalar əldə olunub. Paşinyan ABŞ-də konqresmenlərlə görüşdü və bir neçə konqresmen Dövlət Katibinə müraciət etdilər ki, Azərbaycana qarşı sanksiya tətbiq edilsin, Ermənistana hava hücumundan müdafiə silahları verilsin və s. Necə olur ki, Ermənistan bir tərəfdən sülhdən dəm vurur, digər tərəfdən Paşinyanın konqresmenlərlə görüşündən sonra Azərbaycana təzyiq məsələsi gündəmə gəlir. Deməli, Ermənistanın məqsədi qətiyyən sülh deyil. Məqsəd revanşizmi mümkün qədər genişləndirməkdir. Münhendə Ermənistan və Hindistanın beyin mərkəzlərinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirildi. Ermənistan revanşizmə dəstək verən ölkələrin birliyini təşkil etməyə çalışır. İrəvanın bütün hərəkətləri regional subyektliyə zərbə vurmaq, bölgəni plasdarma çevirməkdir. Əlbəttə, belə şəraitdə delimitasiya ilə bağlı da sürətli razılaşma mümkün deyil".