Ermənistan konstitusiyasındakı dəyişiklik isə Berlin üçün çətin məsələdir, çünki Almaniyanın Ermənistana təzyiq imkanları azdır
“Sülh yaxın olduğu üçün hazırda ABŞ, Rusiya, Böyük Britaniya kimi, Almaniya da prosesdə iştirak etmək, daha dəqiq desək, vasitəçi olmaq istəyir”
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 2-də Azərbaycana səfər etdi. Səfər iki baxımdan diqqət çəkir. Frank-Valter Ştaynmayer Azərbaycana səfər edən ilk Almaniya prezidenti idi. O, Azərbaycana Ermənistandan gəldi və Prezident İlham Əliyevlə təkbətək görüşdü. Görüşdən sonra prezidentlər mətbuata bəyanatla çıxış etdilər, jurnalistlərin suallarını cavablandırdılar. Almaniya Avropanın ən mühüm ölkələrindəndir. Hətta ən azı Fransa və Böyük Britaniya qədər Cənubi Qafqazla tarixən yaxından maraqlanan iqtisadi, siyasi yenilikləri izləyən, nüfuz qazanmaq istəyən ölkədir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Ştaynmayerin Azərbaycana səfər edən ilk Almaniya prezidenti olması və öncə Ermənistana, sonra Azərbaycana gəlməsi çox mühüm detallardır. Ekspert qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar yekunlaşıb:
"İki ölkə sülhə yaxın olduğu üçün hazırda ABŞ, Rusiya, Böyük Britaniya kimi, Almaniya da prosesdə iştirak etmək, daha dəqiq desək, vasitəçi olmaq istəyir. Ştaynmayer mətbuatın suallarını cavablandırarkən Ermənistana səfər zamanı edilən səhvi “Biz məsələlərə beynəlxalq hüquq normalarına uyğun münasibət bildirmişik. Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq” deyərək düzəltdi. Yəni göründüyü kimi, rəsmi Berlin sülh prosesində yer almaq istəyir. Almaniya prezidenti çıxışında Almaniya və Fransa arasında çoxsaylı müharibələrdən danışıb. Bu gün iki xalqın keçmişi geridə qoyduğunu, dost xalqlar olduğunu qeyd edib: “Cənubi Qafqazda da sülh şəraitində yaşanılması üçün səylər göstərilməli, işlər görülməlidir”. Əslində, Almaniya-Fransa münasibətləri Ermənistan və Azərbaycan üçün maraqlı və müəyyən mənada məqbul misaldır. Bunu Berlinin perspektivdə regionu və Bakı-İrəvan münasibətlərini necə görmək istədiyi kimi də qiymətləndirmək olar. Lakin Cənubi Qafqazın reallıqları fərqlidir. Region uğrunda böyük güclərin maraqları tez-tez dəyişir. Bu, bölgə ölkələrinin münasibətlərinə təsirsiz ötüşmür. Lakin yenə də Azərbaycan sülhdə maraqlıdır. Azərbaycan Prezidenti almaniyalı həmkarı ilə görüşdə İrəvandan gözləntisini və sülh üçün iki mühüm şərtini açıqladı: - ATƏT-in Minsk qrupu ləğv edilməlidir və Ermənistan konstitusiyasındakı ərazi iddialarını ehtiva edən maddələr dəyişməlidir".
Analitik vurğulayıb ki, Azərbaycan üçün sülhün hansı ölkədə, kimin vasitəçiliyi ilə imzalanmasının heç bir fərqi yoxdur:
"Ölkə başçısı iki şərtini açıqladı. Bu həm Ermənistana, həm Almaniyaya, həm də sülhün imzalanmasında iştirak etmək istəyən aktorlara açıq mesajdır. İrəvanı bu iki şərtin icrasına razı salan ölkə vasitəçi ola bilər. Almaniyanın Ermənistanı Bakının şərtlərinə razı salıb-salmayacağını zaman göstərəcək, amma Berlinin boş dayanmayacağı bəllidir. Məsələ ondadır ki, Almaniya sülh prosesində iştirakdan əlavə regional enerji layihələrində də yer almaq istəyir. Yəni sülh prosesində iştirakın pərdəarxasında regiona nüfuz və iqtisadi maraqlar var. Berlin Parisdən fərqli olaraq tərəf tutmaq istəmir. Yəni İrəvanı, ya da Bakını dəstəkləməkdənsə, tərəfləri uzlaşdırıb daha güclü əməkdaşlıq qurmağı düşünür. Buna nail olsa, şübhəsiz, regiona ciddi alman investisiyasının axın etdiyini görmək olar. Bakı üçün sülhü təmin edəcək ölkə məqbuldur. Digər tərəfdən, Almaniya ilə əməkdaşlıq bir çox baxımdan dividend gətirə bilər. Ümumiyyətlə, Cənubi Qafqaz vacib regiondur. Bakı regionun dəyərini bildiyi üçün bir çox halda üst pərdədən danışır. Bu da onu daha dəyərli edir. Bakının yanaşması daha uğurludur. O ki qaldı Bakının şərtlərinə, Almaniya ATƏT-in Minsk qrupunun ləğvinə nail ola bilər. Ermənistan konstitusiyasındakı dəyişiklik isə Berlin üçün çətin məsələdir. Çünki Almaniyanın Ermənistana təzyiq imkanları azdır. Lakin bu məsələdə də müvafiq addımlar ata bilərlər. Effektivliyini isə zaman göstərəcək".