Həqiqətən də bundan sonra bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür
Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər. Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Dövlətimizin başçısı deyib ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Sherg.az”a söyləyib ki, Prezident İlham Əliyev haqlı olaraq Ermənistan tərəfinə iradlı qeydini çatdırıb:

“Vaxtı uzadan da, zamanın itirilməsinə səbəb olan da məhz Ermənistan Baş naziri Nikol Paşinyandır. Çünki onlar Azərbaycanın təklifləri ilə razılaşsaydılar, münasibətlər qurular, sülh sazişi imzalanardı. Ermənistan məsələni o qədər uzadıb ki, artıq Qarabağ savaşından beş il ötür. Ermənistan konstitusiya dəyişikliyi etməyib və torpaq iddialarından əl çəkməyib. Eyni zamanda ATƏT-in Minsk qrupunun ləğviylə bağlı müraciət də yoxdur. Sadəcə olaraq iki ölkə arasında sülh müqaviləsinin bəndləri razılaşdırılıb. Həqiqətən də bundan sonra bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və onlar qərar verməlidirlər. Ermənistanın bu kimi çağırışlara cavab verməsi lazımdır. Çünki İrəvanın başqa çıxış yolu yoxdur. Amma onların cavab verəcəkləri, əməkdaşlığa razı olacaqları inandırıcı görünmür”.