Paşinyan Si Cinpinlə gələcək əməkdaşlığı müzakirə edib - YENİLƏNDİ

"Çin və Ermənistan strateji tərəfdaşlıq münasibətləri qurub".

Teleqraf xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş zamanı deyib.

O bildirib ki, strateji tərəfdaşlığın təsis edilməsi iki ölkə münasibətlərinin inkişafında mühüm mərhələdir:

“Pekin və İrəvan ənənəvi dostluğu daha da irəli aparmalı, bir-birini qətiyyətlə dəstəkləməli, müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməli və ikitərəfli münasibətlərdə yeni nailiyyətlərə can atmalıdır”.

Çin lideri həmçinin “Bir kəmər – bir yol” təşəbbüsünün birgə inkişaf etdirilməsinin, ölkələr arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü dəstəklədiyini qeyd edib.

***

08:45

Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çində işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Prezident Si Cinpinlə görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər Ermənistan-Çin münasibətlərinin gələcək inkişafı ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.