ABŞ çox güclü üzv olsa da, o, təkbaşına başqa bir ölkənin üzvlüyünü dayandıra bilməz
Pentaqon İspaniyanın NATO-dakı üzvlüyünün dayandırılmasını müzakirə edir.
Bu barədə “Röyters” mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, buna səbəb İspaniyanın İrana qarşı müharibədə ABŞ-a kömək etmək istəməməsi olub.
İspaniyanın Baş naziri Pedro Sançes ABŞ-ın İspaniyanın NATO-dakı üzvlüyünü dayandırmaq planına reaksiya verib. O, sözügedən planın qulaqardına vurulmadığını deyib.“Sadəcə biz elektron poçtlara əsaslanaraq işləmirik. Biz rəsmi sənədlərə və rəsmi hökumət mövqelərinə, bu halda isə ABŞ-a əsaslanaraq addımlar atırıq”.
Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, İspaniya konkret “qanun pozan” və ya NATO qaydalarına zidd açıq bir addım atmayıb. Onun sözlərinə görə, NATO daxilində ölkələr bütün hərbi əməliyyatlarda məcburi şəkildə iştirak etmirlər:
“NATO-nun əsas öhdəliyi kollektiv müdafiədir, yəni üzv ölkəyə hücum olarsa, digərləri kömək etməlidir. Amma hansısa üçüncü ölkəyə qarşı əməliyyatda iştirak etmək hər dövlətin öz qərarıdır. Ümumiyyəltə belə hallar NATO daxilində tez-tez olur. Üzv ölkələr bəzən eyni fikirdə olmur, amma bu, təşkilatdan çıxarılmaq və ya üzvlüyün dayandırılması üçün əsas sayılmır. NATO daxilində üzvlük məsələsi tək bir ölkənin qərarı ilə həll olunmur. ABŞ çox güclü üzv olsa da, o, təkbaşına başqa bir ölkənin üzvlüyünü dayandıra bilməz. Bunun üçün bütün üzv dövlətlərin razılığı və hüquqi mexanizmlər lazımdır. Ona görə də ABŞ-ın bu tələbi məntiqsizdir”.
Politoloq hesab edir ki, belə məsələlər NATO daxilində çox aydın qaydalarla tənzimlənir:
“Bu təşkilatda əsas prinsip kollektiv qərardır, yəni vacib addımlar bütün üzv ölkələrin razılığı ilə qəbul olunur. Tək bir dövlət, hətta ABŞ kimi güclü ölkə belə, başqa üzvün statusunu dəyişə bilməz.
Maraqlıdır ki, ümumiyyətlə bir ölkənin təşkilatdan məcburi çıxarılması və ya üzvlüyünün dayandırılması ilə bağlı açıq mexanizm yoxdur. Yəni qaydalarda belə bir prosedur konkret şəkildə göstərilməyib.
Bu o deməkdir ki, əgər hansısa ölkə ilə ciddi problem yaranarsa, bu daha çox siyasi təzyiq, danışıqlar və kompromis yolu ilə həll olunur. Ən real variant odur ki, ölkə özü qərar verib təşkilatdan ayrılsın. Məcburi uzaqlaşdırma isə hüquqi baxımdan qeyri-müəyyən bir məsələdir.
Yəni nəticə olaraq, belə hallarda qayda qanun daha çox kollektiv razılığa və siyasi proseslərə əsaslanır, tək bir ölkənin istəyi ilə həll olunan məsələ deyil”.