İkitərəfli təhlükəsizlik ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarından biridir.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, ABŞ-nin Bakıdakı səfirliyi yanvarın 4-də Oklahoma ştatından senator Markveyn Mallinin rəhbərlik etdiyi ikipartiyalı Konqres nümayəndə heyətini Azərbaycanda qəbul edib. Senator Mallini Missuri ştatından nümayəndə Ceyson Smit, Texas ştatından nümayəndə Ronni Cekson və Kaliforniya ştatından nümayəndə Cimmi Panetta müşayiət edib. Nümayəndə heyəti Prezident Trampın 8 avqust tarixində Ağ Evdə keçirilmiş tarixi Sammitindən sonra regionda davamlı sülhün təmin edilməsi, eləcə də ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək üçün Prezident Əliyev ilə görüşüb. Nümayəndə heyəti, həmçinin, Şəhidlər Xiyabanını ziyarət edib və təhlükəsizlik və müdafiə məsələlərini müzakirə etmək üçün müdafiə naziri Zakir Həsənovla ayrıca görüş keçirib. Görüşlər zamanı ikitərəfli təhlükəsizlik əməkdaşlığımızın əsas sütunlarından biri olan Oklahoma Milli Qvardiyası ilə Azərbaycan arasında uzunmüddətli tərəfdaşlıq proqramı da xüsusi vurğulanıb".
Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında səfirliyin bəyanatını iki ölkə münasibətlərində yeni mərhələ kimi dəyərləndirib. Politoloqun fikrincə, ABŞ–Azərbaycan əlaqələri artıq yalnız siyasi dialoqla kifayətlənmir, hərbi-texniki əməkdaşlıq sahəsində də genişlənməkdədir: “Səfirliyin açıqlamasında vurğulanan Oklahoma Milli Qvardiyası ilə tərəfdaşlıq proqramı və nümayəndə heyətinin müdafiə naziri ilə görüşləri iki ölkə arasında hərbi əməkdaşlığın konkret göstəriciləridir və cari ildə bu sahədə yeni sazişlərin imzalanması mümkündür.
Ümumiyyətlə, ABŞ -Azərbaycan əlaqələri yeni siyasi və hərbi əməkdaşlıq mərhələsinə keçib. ABŞ–Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni bir sazişin imzalanması gözlənilir. Xüsusilə ABŞ-ın Azərbaycana silah satışı məsələsi reallaşa bilər. Bu, ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. İki ölkə arasında əməkdaşlığın dərinləşməsinə mane olan əsas amillərdən biri 1992-ci ildə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişdir. Sözügedən düzəliş uzun illərdir ki, Vaşinqton–Bakı münasibətlərində siyasi və hüquqi problemlər yaradır”.
M. Əsədullazadənin fikrincə mövcud siyasi dinamika fonunda bu düzəlişin ləğv olunması real görünür. Buna paralel olaraq da Amerika Erməni Assambleyası 907-ci düzəlişin qüvvədə saxlanılması üçün Konqresdə aktiv lobbi fəaliyyətinə start verib: “ ABŞ–Azərbaycan əlaqələrinin dinamik şəkildə inkişaf edərək yeni mərhələyə keçəcəyi gözlənilir. Bu prosesin qarşısını almağa yönəlmiş Rusiya və erməni lobbisinin cəhdləri isə strateji baxımdan uğursuz olacaq. Regional geosiyasi reallıqlar və ABŞ-ın Cənubi Qafqazda maraqlarının artması Azərbaycanla əməkdaşlığı qaçılmaz edir”.