Analitik: Zəngəzur dəhlizini yüz illiyinə icarəyə vermək təklifi absurddur

Bakı ABŞ variantını tamamilə rədd edir
Azərbaycanın ərazisində hər hansı xarici şirkətin, dövlətin nəqliyyat- kommunikasiya xəttinə, strateji obyektə nəzarətinə heç bir zərurət yoxdur
Elçin Xalidbəyli: "ABŞ-nin Zəngəzur dəhlizi planı Rusiyanı oyundankənar etmək məqsədi daşıyır”
ABŞ-nin Türkiyədəki səfiri Tom Barak özəl nüfuzlu Amerika şirkətinin Zəngəzur dəhlizində qarant rolu oynaya biləcəyi barədə xəbərləri təsdiqləyib. Barak əlavə edib ki, bu təklifi, əslində, Türkiyə verib və ABŞ razılaşıb. Lakin Ermənistan tərəfi bildirib ki, həmin şirkət yolun Naxçıvanda olan hissəsində də fəaliyyət göstərsin, Azərbaycan isə bunu qəbuledilməz adlandırıb: "Hazırda 32 kilometr yol üzərində mübahisə edirlər. Amma bu, önəmsiz məsələ deyil. 32 kilometrlik dəhliz iki ölkənin sülh müqaviləsi bağlamasına əsas maneədir. ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürə bilər və tərəflər buradan rahatlıqla istifadə edə bilərlər". Barakın şərhləri Tramp administrasiyasının neytral qarant rolunu oynayacaq özəl ABŞ kommersiya şirkəti vasitəsilə dəhlizə nəzarət etməyi təklif etdiyinin ilk rəsmi təsdiqidir.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, hansısa Amerika şirkətinin Zəngəzur dəhlizini yüz illiyinə icarəyə götürməsi ilə bağlı təklif absurddur. Ekspertin sözlərinə görə, yüz il həddindən artıq böyük bir müddətdir:
 "Bu müddət ərzində nələrin baş verəcəyini əvvəlcədən təyin etmək, müəyyənləşdirmək mümkün deyil. Əgər hansısa neytral dövlət, yaxud şirkət Zəngəzur dəhlizinə nəzarət etmək, qarant rolunu oynamaq niyyətindədirsə, bunu bir neçə il etməkləri kifayətdir. Yaxın gələcəkdə Cənubi Qafqazda vəziyyətin ciddi şəkildə dəyişəcəyi gözlənilir. Rusiyanın bu regiondan çıxarılması Cənubi Qafqazda sülhün və sabitliyin bərpa olunması deməkdir. Əgər Rusiya, yəni aranı qarışdıran yoxdursa, Azərbaycan və Ermənistan arasında münaqişə törətmək planları quran bir mərkəz mövcud deyilsə, bölgədə həmişə sülh və sabitlik hökm sürəcək. Yəni belə uzunmüddətli, fantastik müddətli qarantora ehtiyac olmaya bilər. Digər tərəfdən Ermənistanın Naxçıvanla bağlı "təklifi" də ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı təklifinə dolayısı ilə razılıq verməsi anlamına gəlir. Böyük ehtimalla daxili auditoriyanı nəzərə alaraq, yalnız Ermənistan deyil, Azərbaycan ərazisini də bura qatmaqla etirazları, rusyönlü qüvvələrin müqavimətini zəiflətmək niyyəti güdürlər. Təbii ki, rəsmi Bakı bu variantı tamamilə rədd edir. Azərbaycanın ərazisində hər hansı xarici şirkətin, dövlətin nəqliyyat kommunikasiya xəttinə, strateji obyektə nəzarətinə heç bir zərurət yoxdur. Dövlətimiz daxili resursları hesabına bütün bunların öhdəsindən gəlmək iqtidarındadır. Rəsmi Bakının mövqeyi tamamilə doğrudur".
E.Xalidbəyli diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin əsas məqsədi Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında nəqliyyat-kommunikasiya xəttinin təmin olunmasıdır: 
"Azərbaycanın bir hissəsindən digər bölgəsinə daşınacaq yüklərə hansısa xarici ölkəni təmsil edən bir şirkətin nəzarəti məntiqsizdir. Bu məsələnin Azərbaycana heç bir dəxli ola bilməz. Qarantor şirkətə əgər ehtiyac varsa, deməli, Ermənistan öz ərazisində baş verənlərə tam nəzarət edə bilmir. O halda Zəngəzur dəhlizindən keçəcək nəqliyyat-kommunikasiya xətlərinin qorunmasında, yüklərin, sərnişin daşınmasının təhlükəsizliyinin təminatında qarantora ehtiyac ola bilər. Bu da ancaq Ermənistan ərazisində mümkündür. İrəvan hökuməti daxili və xarici siyasət yürütmək qabiliyyətində olsaydı, sərbəst qərarlar qəbul etsəydi, belə təkliflər ortaya çıxmazdı. ABŞ-nin bu məsələdə əsas marağı, hədəfi odur ki, Zəngəzur dəhlizinə nəzarət etməklə Rusiyanı geostrateji və geoiqtisadi layihədən tamamilə kənarda saxlaya bilsin. Rusiya Zəngəzur dəhlizinə buraxılmasın. Hadisələrin gedişatı göstərir ki, Rusiya böyük ehtimalla Cənubi Qafqaza təsir imkanlarını tamamilə itirəcək".