Annalena Berbok: Ermənistan və Azərbaycan qarşlıqlı etimad yolunu tutmalıdır

Ermənistan və Azərbaycan arasında münaqişə tərəflərə sağalması uzun müddət alacaq yara vurub, ancaq hər iki ölkə qarşılıqlı etimad yolunu tutmalıdır.

APA DW-yə istinadən xəbər verir ki bunu Cənubi Qafqaz regionuna səfərindən öncə Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

Almaniya xarici işlər naziri bildirib ki, onun ölkəsi və Avropa İttifaqı “keçmişin kölgəsini dəf edən bir region qurmaq” və region əhalisi üçün daha yaxşı gələcəyə naminə Cənubi Qafqaz ölkələri ilə birgə işləmək istəyir.

Almaniyalı nazir sülh naminə ölkələrin “qarşılıqlı etimad yolunu tutması”nın vacib olduğunu vurğulayıb. O, münaqişənin hər iki tərəfə "sağalması uzun müddət alacaq yaralar vurduğunu" əlavə edib.


Berbok bildirib ki, Aİ Qara dənizdən keçən sualtı rabitə kabeli də daxil olmaqla, regiona sülh yolu ilə bağlı konkret təkliflər verməyə hazırdır, və o əlavə edib ki, belə layihələr "Ermənistan və Azərbaycanı bir-birinə və bizə yaxınlaşdırmağa” kömək edəcək.

O vurğulayıb ki, regionda etimad və barışıq yaradılması çox vacibdir. "Buna görə də Almaniya Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli danışıqların tezliklə bərpasını dəstəkləyir".

Xatırladaq ki, Almaniya XİN rəhbəri səfərinə Ermənistandan başlayacaq və orada xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, xanım Berbok Ermənistanda Qarabağı könüllü tərk edən erməni sakinlərinin qəbulu mərkəzinə baş çəkməyi planlaşdırır.
Sərhədin Ermənistan tərəfi boyunca təhlükəsizlik vəziyyətinə nəzarət etmək məqsədi daşıyan Aİ-nin Ermənistandakı monitorinq missiyasının (EUMA) üzvləri ilə də danışıqlar planlaşdırılır.
O, şənbə günü Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.